Xəbər - Humay Ağacanova – Trend:
Bu gündən sosial müavinətlərin məbləği artıb.
Trend xəbər verir ki, fərmana əsasən yaşa görə müavinət 130 manatdan 180 manata qaldırılıb.
Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata artırılıb.
Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə müavinət I dərəcə əlilliyi olan şəxslərə 220 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə110 manatdan 120 manata artırılıb.
Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə verilən müavinət I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata artırılıb.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata qədər artırlıb.
Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata artırılır.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata artırlır.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata artırılır.
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata artırılır.
Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətlər övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə 480 manatdan 600 manata artırılır.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinət 300 manatdan 350 manata artırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.