Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödənişi 300 manatdan çox olmayacaq. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru Samir Nuriyev deyib. Bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq. Birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.
Samir Nuriyev deyib ki, yaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq. Onun sözlərinə görə, baş planın təsdiq olunmasından sonra layihə-smeta sənədləşməsinə hazırlıq başlayacaq.
Hövsan qəsəbəsində sosial mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Ümumilikdə, 3 min mənzilin tikilməsi planlaşdırılır: “Biz həmçinin, məktəblər və uşaq bağçalarının layihələşdirilməsinə başlamağı planlaşdırırıq”.
S.Nuriyev qeyd edib ki, bundan başqa, sosial mənzil əldə etmək istəyən şəxslərin qeydiyyat sisteminin yaradılması üçün iş aparılır. Qeydiyyat prosesi bu il mayın 1-dən başlayacaq.