Təəssüflər olsun ki, Azərbaycan selektiv abortların statistikasına görə hətta Çinlə rəqabət aparan səviyyədədir. Bu məsələnin Azərbaycanda bir çox səbəbləri var. İlk növbədə isə bu, ölkəmizdə olan streotiplərlə bağlıdır.
Bu sözləri AzerTimes-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev Azərbaycanda qız uşaqlarının doğum sayının oğlanlara nisbətdə kəskin az olması haqda deyib.
O, cəmiyyətimizin bineyi-qədimdən patrialxal olduğunu bildirib:
“Şərq təfəkküründə oğula həmişə düşmən çəpəri, qıza isə həssas övlad kimi baxılıb. Yəni qız ailənin və kişinin zəif həlqəsidir. Bu səbəbdən daha çox oğlan olmasını istəyiblər. Həm də oğlan yurda, ocağa sahib çıxmaq baxımından məna kəsb edib. Bu gün də belə stereotiplər təəssüf ki, babalar, nənələr və valideynlər tərəfindən övladlara ötürülür. Beləliklə, qızlar doğuşdan öncə daha çox selektiv abortlara məruz qalır.
Bu stereotiplərə qarşı artıq həm KİV-lərdə, həm də ekspertlər səviyyəsində iş aparılır. Ancaq bu, kifayət deyil. Ona görə qızların sayı oğlanlara nisbətən kifayət qədər aşağıdır. Bütün hallarda doğularkən həyatda qalma immunitetinə görə, təbii hadisələr, oğlanların həyat tərzləri, yol qəzalarında, müharibədə həlak olmaları və bu əsasda olan digər hadisələrə görə bəlli yaşdan və dövrdən sonra oğlan və qızlar arasında nisbət bərabərləşir”.
Ü.Şəfiyev vurğulayıb ki, bu məsələ ilə tək dövlət yox, cəmiyyət, sosial strukturlar olaraq mübarizə aparılmalıdır:
“Bütün bunlara baxmayaraq selektiv abort məsələsi qəbul olunan deyil. Çünki selektiv abortlar uşaqlara, xüsusilə də qızlara qarşı cinayətdir. Aborta icazə verilən xüsusi hallar istisna olmaqla, bununla bağlı cəzalar bir az da sərtləşdirilməlidir. Hazırda selektiv abortları edən şəxslərə qarşı hüquqi məsuliyyət var. Ancaq hesab edirəm ki, cərimələr daha da yüksəldilməlidir. Həmçinin, problemlə mübarizə üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturlarını da çoxaltmaq və funksiyalarını artırmaq lazımdır”.
Ekspert təbliğat işlərinin də önəmli olduğunu qeyd edib:
“Bununla bağlı televiziyalar və KİV-lər üçün sosial çarxların hazırlanması çox yaxşı olar. Orta məktəblərdə yeniyetmə və gənclərə ailə dəyərləri, valideynlik missiyası ilə bağlı təbliğatlar aparılmalıdır. Xüsusilə də Azərbaycanda görkəmli qadın olan elmi, ictimai-siyasi xadimlərlə şagirdlərin görüşlərini təşkil etmək lazımdır.
Ailələrlə sosial, psixoloji işlər təşkil olunmalı, neqativ streotiplər əridilməlidir. Həmçinin, yeni ailə quracaq şəxslərlə də bunlar təşkil etmək lazımdır. Çünki bu gün yeni qurulan ailədə belə ilk övladın qız olduğu üçün boşananlara rast gəlmək mümkündür. Hətta bu səviyyədə stereotiplər gənc ailəyə basqılar edir. Bəzən ana həyat yoldaşı və valideynlər tərəfindən selektiv aborta məcbur edilir. Bu, həm anaya, həm də körpəyə qarşı cinayətdir”.
Qeyd edək ki, son 10 il ərzində doğulan qız uşaqlarının sayı oğlanlara nisbətən çox aşağı düşüb. Təkcə 2021-ci ildə Azərbaycanda dünyaya gələn uşaqların 60 184-ü oğlan, 52 100-ü isə qız olub.