Qırğızıstanda 1993-cü ildə yaranmış amerikalı milyarder Corc Sorosun fondu qeyri-kommersiya təşkilatları haqqında yeni qanuna görə ölkədə fəaliyyətini dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə fondun saytında məlumat verilir.
“Yeni qanun xaricdən maliyyələşən təşkilatlara qeyri-mütənasib və lazımsız məhdudiyyətlər qoyur. 30 il ərzində təşkilat həm hökumət, həm də vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərək Qırğızıstanda müxtəlif layihələrə 115 milyon dollardan çox töhfə verib. Layihələr təhsil, səhiyyə, rəqəmsal texnologiya və hüquqi yardım sistemini əhatə edib. İndi ölkənin mənafeyinə xidmət edən bu cür xoşniyyətli fəaliyyətlərə ədalətsiz olaraq xarici nümayəndələr damğası vurulacaq. Fond Qırğızıstan vətəndaşları tərəfindən idarə olunur, lakin xaricdən maliyyə alır, ona görə də istər-istəməz yeni qanunvericilik məhdudiyyətlərinə məruz qalacaq”, – məlumatda bildirilir.