Görəndə ki, proses dayandı (Ermənistanın Naxçıvana quru yolunu açmaması – red.), biz faktiki olaraq başqa bir variant axtarmalı olduq və onu tapdıq.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“Biz İran tərəfi ilə məsləhətləşmələrə başladıq və İran ərazisindən, daha dəqiq desək, Araz çayının cənub hissəsindən keçid yolu yaratmaqla bağlı razılığa gəldik. Nəqliyyat üçün bizim cəmi iki körpüyə və ola bilsin dəmir yolu üçün iki əlavə körpüyə ehtiyacımız var. Yeri gəlmişkən, avtomobil körpülərinin inşasına başlanılıb. Orada hətta Azərbaycandan və İrandan yüksək vəzifəli rəsmilərin iştirakı ilə təməlqoyma mərasimi keçirildi. Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu “sülh qovşağı” adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli Bəyanata hörmət edilməlidir”, – dövlət başçısı vurğulayıb.