Xəbər - İlhamə İsabalayeva – Trend:
Son üç ildə minimum pensiya 82%, orta aylıq pensiya 43%, müavinətin orta aylıq məbləği 95% artıb. Bu dövrdə pensiyalara ayrılan illik vəsait 36% artaraq 4 milyard 477 milyon manata, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclər 97% artaraq 1 milyard 156 milyon manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qeyd olunan dövrdə pensiyaların minimal məbləği 82% artaraq 200 manat, orta aylıq məbləği 43% artaraq 298 manat təşkil edib. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 40% artaraq 328 manata, əlilliyə görə pensiyaların orta aylıq məbləği 49% artaraq 261 manata, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 46% artaraq 240 manata çatıb.
Artım tempi müavinət və təqaüdlərdə, ünvanlı sosial yardımlarda da özünü göstərib. Son üç ildə müavinətlərin orta aylıq məbləği 95%, maksimum məbləği 65% artmaqla müvafiq olaraq 119 manata və 150 manata çatıb. Təqaüdün maksimum məbləğində 54% artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.
Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 61% artaraq 240 manata çatıb. Bu artımın əsasında eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Ehtiyac meyarı həddi 2018-2020-ci illərdə 116 manatdan 160 manata çatdırılıb, 38% artıb. Yaşayış minimumunun məbləği də son üç ildə 23% artırılaraq 155 manatdan 190 manata çatdırılıb.
Bütün bu artım dinamikası həmin ödənişlərə yönəldilən vəsaitlərin də artırılmasını şərtləndirmiş olur. Belə ki, 2018-2020-ci illərdə pensiya istiqaməti üzrə ayrılan illik vəsait 36% və ya 1 milyard 188 milyon manat artaraq 4 milyard 477 milyon manata, müavinətlərə ayrılan illik vəsait 120 faiz artaraq 613 milyon manata, təqaüdlərə ayrılan illik vəsait isə 3,5 dəfə artaraq 326 milyon manata çatıb.
Ümumilikdə büdcədən müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərin həcmində 97% artım özünü göstərməklə bu xərclər 588 milyon manatdan 1 milyard 156 milyon manata çatıb.
Son üç ilin timsalında sosial ödənişlərdə baş verən ciddi artımlar ölkəmizin uğurlu inkişafı şəraitində bu artımların qarşıdakı dövrdə də ardıcıl şəkildə davam edəcəyini qeyd etməyə əsas verir.