Son illər Azərbaycanda ekoturizmə maraq artıb.
Bunu AzerTimes-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar
Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm
Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.
Onun sözlərinə görə, ekoturizm təbiət turizmidir. Ekoturizm
ətraf mühitin məhv olmamasına səbəb olan turizmdir. Ekoturizmin
əsas məqsədi təbiətdən zövq alınmasına şərait yaratmaqdır: “Son
dörd ildə Azərbaycanda ekoturizm inkişaf etməkdədir. Assosiasiyamız
regional səviyyədə turizm obyektlərini araşdırıb, üzə çıxarır.
Ekoturizmin inkişafı üçün müxtəlif layihələr hazırlayır”.
S.Dübəndi qeyd edib ki, bundan başqa, ekoturizmə dövlətimiz də
dəstək verir. Əvvəllər ekoturizm digər turizm növləri ilə
müqayisədə insanlar üçün maraqlı deyildi. Lakin getdikcə turizmin
bu növünə ölkəmizdə və dünyada maraq artmaqdadır.
“Digər ərazilərimiz kimi, işğaldan azad edilən torpaqlarımız da
geniş ekoturizm potensialına malikdir. Ekoturizm həvəskarları üçün
bu ərazilər çox maraqlı marşrutdur. Müəyyən təhlükəsizlik
tədbirləri görüləndən sonra bu ərazilərə ekoturizmlə yanaşı, həm də
müxtəlif növ turizm turları təşkil etmək olar”, – deyə o əlavə
edib.