Son iki gündə sığınacağa 2 nəfər yerləşdirilib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Son iki gündə Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 2 nəfər yerləşdirilib.

Bu barədə AzerTimes-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib. Onun sözlərinə görə, son bir gündə yardımla bağlı vətəndaşlar tərəfindən 20 zəng daxil olub:

“Sığınacağa gələn zənglərin 7-8-i eyni şəxslə bağlı olub. Hazırda ümumilikdə sığınacaqda 70 nəfər şəxs var. Onlardan 11-i 18 yaşdan aşağı olanlardır. Böyüklərdən 34-ü kişi, 25-i qadındır”.

M.Həşimov qeyd edib ki, hava ilə bağlı sığınacağa yerləşdirilənlərin sayında artım hələlik yoxdur.

Xatırladaq ki, aidiyyatı qurumlardan və vətəndaşlardan müəyyən yaşayış yeri olmayan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslərlə qarşılaşdıqda Sosial Xidmətlər Agentliyinin hər gün və 24 saat fəaliyyət göstərən (012) 550 39 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir.

Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

Teqlər: