Son dörd ildə sosial islahat paketlərinə 6 milyard manat ayrılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu
əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib və bu
paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat
və ya 3,5 milyard ABŞ dolları təşkil edib.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev Bakıda “MDB-də sosial islahatlar: trendlər,
potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda deyib.

S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3
dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70%, ümumi
sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb.
2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz,
orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz,
əmək haqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.


Nazir bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin
sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət
təsir göstərib. “Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5
milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi
isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib.
Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına
əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb
və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil
edib”, – deyə nazir bildirib.

S.Babayev Nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət,
300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə
ünvanlı dövlət sosial yardımı verildiyini deyib. Həmin yardımın hər
ailəyə düşən orta aylıq məbləğinin son 4 ildə 2,5 dəfə artaraq 380
manata çatdığını qeyd edib.

Teqlər: