Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur.
TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədovanın sözlərinə görə, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur:
“Tez-tez xəstələnən uşaqların valideynləri bu kimi hallarda bəzən qeyri-tibbi müalicə üsullarına (çöpçülərə və s.) meyil göstərirlər.
Çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif şəkildə əşyalar, meyvə tumları, ərzaq qırıntıları və s. kimi yad cisimlərin “çıxarılması” hallarına təsadüf olunur. Belə hallar orqanlarda zədələnmələrə, doğrudan da, yad cisim olarsa isə, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.
Valideynlərə tövsiyəm budur ki, uşaqlarının narahatlıqları ilə bağlı ilk olaraq həkim-pediatra müraciət etsinlər. Pediatr yad cismin olması ilə bağlı şübhələndikdə pasiyenti qulaq, burun, boğaz, uşaq cərrahı həkiminə yönləndirə bilər. Belə olan halda körpələri və uşaqları təhlükəsiz şəkildə sağaltmaq mümkündür”.