Son 6 ayda COVID infeksiyasından ana ölümü halları qeydə alınmayıb

Xəbər - Samir Əli – Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən
Qədimova son vaxtlar hamilə qadınlar arasında ən çox yayılan
xəstəliklərdən danışıb.

Trend müsahibəni təqdim edir.

– Şəymən xanım, hamilələr arasında daha çox təsadüf olunan
xəstəliklər hansılardır?

– Statistikaya əsasən, respublikamızda trombemboliya ana
ölümünün əsas səbəbi kimi göstərilir. Bir şox ekstragenital
xəstəliklər – şəkərli diabet, müxtəlif mənşəli ürək qüsurları,
ağciyər vərəmi, qaraciyər xəstəlikləri (virus hepatitləri),
anadangəlmə və qazanılma tromboflebiyalar (qanın laxtanma faktor
pozulmaları) ana ölümünün səbəbləri hesab olunur.

– Riskli hamiləlik haqqında məlumat verə bilərsiniz?

– Somatik, sağlam olmayan qadınlar hamiləlik üçün yüksək risk
qrupunu təşkil edir. Yüksək risk qrupuna daxil olan qadınlar
hamiləliyi axıra qədər çatdıra bilmir və hamiləliyin ana və döl
üçün nəticələri qənaətbəxş olmur. Riskli hamiləlik nəinki dölün,
eləcə də ananın ölümünə səbəb olur.
Hamilələr üçün yüksək risk qrupunu təşkil edən patologiyalara
aşağıdakılar aiddir:
1.Hamiləlik zamanı hipertenziv vəziyyətlər və preklampsiya;
2.Ekstragenital xəstəliklər və hamiləlik;
3.Fetoplasentar çatışmazlıq.
Onu da qeyd etmək istəyirəm ki, riskli hamiləlik vaxtında aşkar
edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da
xəstə uşağın doğulmasına səbəb olur.

– Hamilə qadınlar koronavirusa qarşı vaksinasiya oluna
bilərlər?

– Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta
hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin
geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə
aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır.
Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə
aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi
peyvənləşməyə cəlb oluna bilərlər.

– Hansı xəstəliyi olan qadınlar süd verə bilməz?

– Bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini
ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla
təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların
dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu
cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm)
istisna olmaqla bütün qadınlar süd verməlidir.

– Ölkədə koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil
olunub?

– COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa
yoluxan hamilə qadınlara respublikamızın 2 böyük klinikası –
Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikası xidmət göstərir. Sevindirici haldır ki, son 6 ay
müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə
alınmayıb.
COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd
olunan klinikalara göndərilir. Ona görə də statistika respublika
üzrə hesab olunur.

– Ana bətnində həyata keçirilən əməliyyatlar hansılardır? Hansı
hallarda fetal cərrahiyyələr aparılır?

– Son illər ölkəmizdə bətndaxili qan köçürmə əməliyyatı icra
edilməsində mühüm addımlar atılır. Belə ki, göstərilən
patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı
mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək
ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata
keçirilir.
Amniosentez əməliyyatı ambulator şəraitdə USM-nin nəzarəti altında
yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan
nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Bu
müayinəni artıq 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi
xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir.
Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə
diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir.

Teqlər: