Son 3 ayda sosial sığorta haqları üzrə daxilolmalar 17% artıb

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin
şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu
müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi
məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində
ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək
müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə
alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, 2022-ci il aprel
ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış
əmək müqavilələrinin sayı 779.476 təşkil edib ki, bu da əmək
münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların
başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239.554 vahid çoxdur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə
daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında
şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə
güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və
əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3
min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17
faiz və ya 152 milyon 118,3 min manat artıb, daxilolmalar üzrə
proqnoz 86 milyon 602,1 min manat artıq icra edilib. Qeyri-büdcə
təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə
19% artaraq 649 milyon 803,9 min manat təşkil edib, proqnoz 118,2%
icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni
dövrü ilə müqayisədə 16,4% artaraq 35,3 milyon manat olub, proqnoz
112.3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar
18,1% artaraq 25,7 milyon manat təşkil edib, daxilolmalar üzrə
proqnoz 122,5% icra olunub.

Teqlər: