Son 25-30 ildə dünya miqyasında hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu ölçüdə yenidənqurma işləri həyata keçirilməyib.
AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.
H.Hacıyev vurğulayıb ki, dünya miqyasında müqayisə etsək Azərbaycanın təcrübəsində post-münaqişə rekonstruksiya və yenidənqurmanın unikal bir nümunəsi həyata keçirilir: “Belə ki, son 25-30 ildə dünya miqyasında dövlətlərin özləri tərəfindən post-münaqişə dövründə bu ölçüdə yenidənqurma işləri həyata keçirilməyib. Digər bölgələrdə bu kimi hallar olduğu halda bu daha çox beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə həyata keçirilirdi, ancaq Azərbaycan Respublikasının təcrübəsində isə bu layihələr Azərbaycanın öz daxili imkanları hesabına və qısa müddət ərzində həyata keçirilməkdədir:
“Diplomatik korpus nünayəndələri də görür ki, biz hazırda olduğumuz Talış kəndində vəziyyət digər işğal altında olmuş ərazilərimizdəki vəziyyətdən bir o qədər fərqlənmir. Yəni burada da 30 il ərzində işğal müddətində total dağıntılar həyata keçirilib, Azərbaycan vətəndaşlarına məxsus olan əmlakların darmadağın, talan edilməsi siyasəti həyata keçirilib. Amma gördüyünüz kimi Azərbaycan dövlətinin niyyəti və qətiyyəti qısa müddət ərzində bu ərazilərin bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasıdır”.