Son 20 gündə narkotik alveri ilə məşğul olan 38 nəfər həbs edildi (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar
zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri
qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər
saxlanılıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, qanunsuz dövriyyədən
ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop
maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı
qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt
şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı
Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar.
Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o
cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə”
adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana
və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron
tərəzilər aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər
mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən
planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda
narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə
satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.

Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata
keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh
Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh
Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı
qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan
isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin
aşkar edilib.


Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional
Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə
də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı
rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər
saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin,
metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri,
narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu
sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə
olan civə aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin
qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan
şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan
tədbirləri seçilib.

Teqlər: