Son 17 ildə dövlətimiz bütün gücünü torpaqlarımızın azad edilməsinə yönəltmişdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ölkə başçısının Şuada, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması xalqımızın 28 il həsrətlə gözlədiyi tarixi hadisədir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə başçımızın öz ailəsi ilə milli bayramımız ərəfəsində Şuşada olması və oradan bayram təbriki ilə müraciət etməsi xalqımızı sevindirir və qürur hissi yaşadır:

“Bu, Azərbaycanın müstəqillik tarixində hər birimizin arzusu olmuşdur və hər il bayramlar ərəfəsində deyirdik ki, gələn il bayramımızı Şuşada qeyd edəcəyik. Cənab Prezidentin qeyd etdiyi kimi Allah xalqımızın ədalətli səsini eşitdi və torpaqlarımızı azad etməyimizə imkan yaratdı. Təbii ki, qələbə əldə etməyimiz asan olmamışdır. Son 17 il ərzində dövlətimiz bütün gücünü bu istiqamətə yönəltmişdi.

Ölkə iqtisadiyyatını inkişaf etdirdik, ordumuzu müasirləşdirərək gücləndirdik, vətəni sevən və torpaq uğrunda canından keçməyə hazır olan gənc nəsili tərbiyə etdik, dünyaya haqq səsimizi, ədalətli mövqəyimizi çatdırdıq və nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad edəcəyimizi dedik. Şuşanı və Qarabağımızı müzəfəfər ordumuzun əsgərlərinin qanı hesabına və min əzab-əziyyətlə azad etmişik. Torpaqlarımızda ermənilərin tarixi saxtalaşdırılmasının qarşısını almışıq”.

Deputat vurğulayıb ki, igid əsgərlərimiz Şuşaya qədər dağları, dərələri, meşələri aşaraq bıçaqla, süngüylə torpaqlarımızı azad etmişdir:

“Bu gün Azərbaycan əsgəri qarşısına qoyulmuş hər bir hərbi tapşırığı yüksək səviyyədə icra etməyinə qadirdir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Artıq Qarabağ azaddır, Şuşa azaddır. Biz Şuşada və bütün azad olunmuş ərazilərimizdə bayram tonqallarını qalayırıq, sürətli quruculuq və abadlıq işlərini həyata keçiririk. Şuşamızın və digər azad olunmuş ərazilərimizin əsil tarixini özünə qaytaracağıq. Bütün tarixi, dini, mədəni və milli abidələrimizi bərpa edəcəyik.

Bizə vurduğu ziyanı ermənilərə ödətdirəcəyik. Beynəlxalq məhkəmələrdə ermənilər bütün cinayətkar əməllərinə görə cavab verəcəklər. Biz onlara başa salacağıq ki, başqa xalqın malında və dövlətində gözü olanda hansı bəlalarla qarşılaşacaqlar. Tezliklə qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqdır. Bu gün azad olunmuş ərazilərimiz də xalqımız kimi sərbəst nəfəs alır, sevinir. Şuşaya oranın əsl sahibləri qayıdıb, bayramlarımızı keçiririk. Yaxın müddətdə Şuşamızı dünyanın ən gözəl şəhərinə çevirəcəyik. Ermənilər görəcəklər ki, əsl sahibləri qayıdanda torpaqlar necə sevinir və həyat necə parlayır”.

Teqlər: