Yanvarın 9-da İndoneziyada “Boeing 737-524” təyyarəsinin qəzaya uğraması nəticəsində 62 nəfər, o cümlədən, 12 nəfərlik heyət üzvü həlak olub. Yaşanan bu hadisə tarixdə baş vermiş dəhşətli təyyarə qəzalarını yenidən yada salıb.
Yenicag.az xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi son 10 ildə baş vermiş ən ağır təyyarə qəzalarının siyahısını yayımlayıb.
Beləliklə, son 10 ildə baş vermiş dəhşətli təyyarə qəzaları:
1. 10 aprel, 2010: Göyərtəsində Polşa prezidenti Lex Kaçinski və xanımının da olduğu təyyarənin Rusiyanın Smolensk vilayətində qəzaya uğraması nəticəsində prezident və xanımı daxil olmaqla 96 nəfər həlak olub;
2. 12 May, 2010: “Afriqiyah Airways” şirkətinə məxsus Yohannesburq-Tripoli reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində 103 nəfər həlak olub;
3. 9 yanvar, 2011: Tehran-Urmiya reysi ilə uçan “IranAir” şirkətinə məxsus “Boeing-727” təyyarəsinin qəzaya uğraması nəticəsində 77 nəfər həlak olub;
4. 20 aprel, 2012: Pakistanın paytaxtı İslamabad səması üzərində, beynəlxalq aeroportun yaxınlığında “Boeing” tipli mülki təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 127 nəfər ölüb;
5. 3 iyun, 2012: “DanaAir” şirkətinə məxsus təyyarənin Nigeriyanın Laqos şəhərində yaşayış binasına çırpılması nəticəsində 153 nəfər həyatını itirib;
6. 17 iyul, 2014: “Malayziya Hava Yolları”na məxsus Amsterdam – Kuala Lumpur reysilə uçan təyyarə yerə çırpılıb. Qəzaya uğrayan təyyarədə pilot heyəti və sərnişinlərlə birgə ümumilikdə 298 nəfər olub – onların hamısı qəza nəticəsində həlak olub;
7. 28 dekabr, 2014: Malayziyanın “Air Asia” şirkətinə məxsus “Airbus A320-200” sərnişin təyyarəsinin qəzaya uğraması 162 nəfəri canından edib;
8. 31 oktyabr, 2015: Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq istiqamətində uçuş həyata keçirən Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə 224 nəfər ölüb;
9. 29 noyabr, 2016: Braziliyanın “Şapekoensi” klubunun futbolçularının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 76 nəfər həyatını itirib;
10. 29 oktyabr, 2018: Göyərtəsində 189 sərnişinin olduğu “Boeing 737 MAX 8” təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan olmayıb;
11. 10 Mart, 2019: “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər ölüb;
12. 8 yanvar, 2020: Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 176 nəfər ölüb. Qəzadan sonra təyyarənin İran Hava Hücumundan Müdafiə Sistemləri vasitəsilə “səhvən” vurulduğu üzə çıxıb.
www.yenicag.az