2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən və 3 min nəfərin ölümü ilə nəticələnən terror aktından 23 il ötür.
Məlumata görə, həmin gün səhər saatlarında Boinq-767 tipli iki təyyarə Nyu Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, Boinq-757 tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. Hücum nəticəsinə Nyu Yorka 36 milyard dollar ziyan dəyib.
Bu hadisə ABŞ və dünya tarixinin ən böyük teraktlarından biri kimi dəyərləndirilir. Hücumla bağlı uzun illərdir müxtəlif versiyalar irəli sürülür. Hətta bəziləri bunun arxasında ABŞ “dərin dövlət”inin dayandığını iddia edir.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, belə iddialardan biri 2007-ci ildə yəhudi əsilli məşhur amerikalı rejissor Aaron Russo tərəfindən ortaya atılıb.
Aktiv siyasi keçmişi olan Russo hətta 2004-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb. Əvvəlcə müstəqil namizəd kimi seçkilərə qoşulsa da, sonra Libertarlar arasında kifayət qədər səs toplaya bilmədiyi üçün geri çəkilib.
Russonun 2007-ci ildə jurnalist Aleks Jonesa verdiyi müsahibə bütün dünyada səs-küyə səbəb olub. Rejissor müsahibədə siyasi və incəsənət karyerası, Rokfellerlərlə dostluğu, ABŞ daxili məsələləri və 11 sentyabr hadisələrindən danışıb.
Onun “əkiz qüllələr”ə hücumla bağlı dedikləri ciddi ajiotaja səbəb olub. Aaron hücumdan bir müddət öncə hadisənin baş verəcəyini Rokfellerlərdən öyrəndiyini deyib:
“Nikolas Rokfellerlə bir vəkil dostum sayəsində tanış olmuşdum. Hazırladığım bir videonu izləyib mənimlə görüşmək istədiyi bildirmişdi. Sonra Nikolasla dost olduq. 11 sentyabr hücumundan təxminən 11 ay əvvəl onunla söhbətləşdik. Mənə bir hadisə baş verəcəyini və bundan sonra ABŞ üçün hər şeyin dəyişəcəyini dedi, amma nə olduğunu söyləmədi. Bildirdi ki, həmin hadisədən sonra Xəzər dənizinin altından boru xətləri inşa etmək üçün ABŞ Əfqanıstan və İraqı işğal edəcək. Həmin ərazilərdə neft ehtiyatlarını ələ keçirmək və Yaxın Şərqdə neft qərargahı yaratmaq planlanır. Dedi ki, bu, yeni dünya düzəni planının bir parçasıdır. Hətta illər sonra dünyada yayılacaq bir virusdan da danışdı. Mən eşitdiklərimdən dəhşətə gəldim və onunla münasibətlərimi əvvəlki kimi saxlamadım.
İnsanlar elə bilir ki, 11 sentyabrdan sonra heç bir şey baş verməyib. O hücum öz hökumətimiz və bank sistemimiz tərəfindən həyata keçirildi. Bununla ABŞ xalqında qorxu yaratmaq və Əfqanıstana, İraqa daxil olmaq üçün insanları inandırmağa, narazılığın olmaması üçün əsas yaratmağa çalışdılar”.
A.Russonun bu müsahibədən 6 ay sonra ölməsi daha çox səs gətirdi. Onun uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən həyatını itirdiyi açıqlansa da, rejissorun qətlə yetirildiyini iddia edənlər var.
Onun bu sözləri bəzi siyasi dairələr tərəfindən qəsdən hazırlanan material olaraq da dəyərləndirilir. İddialara görə, hökumət hücumdan sonra ABŞ-ın toxunulmaz və ən təhlükəsiz ölkə olması ilə bağlı yaradılan mifin dağıldığını düşünüb. Bu səbəbdən heç kimin ölkənin təhlükəsizliyi poza bilməyəcəyini göstərmək üçün ortaya hücumun məhz Vaşinqton tərəfindən törədildiyinə dair iddialar atıb.
Müsahibə Aaronun ölümündən bir müddət sonra Yutub və digər platformalardan silinsə də, daha sonra yenidən yüklənib.
Müsahibədən bir hissəni təqdim edirik: