Noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.
Amerikalı ekspert Piter Teys AzerTimes-a bildirib ki, Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır: “Ermənistan regional iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq etmək üçün tez hərəkət etməlidir. Bütün bunlar Yerevanın marağındadır”, – analitik deyib.
O qeyd edib ki, Soçidə Rusiya prezidenti tərəfindən təşkil olunmuş üçtərəfli görüş Azərbaycanın qonşu Ermənistanla dinc əməkdaşlığa hazır olduğunun sübutudur.
“Azərbaycan Prezidenti İlham Əliyev bir daha Bakının Ermənistanla dialoq və dinc birgəyaşayış prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Azərbaycanın özünün şanlı silahlı qüvvələri bütün dünyaya göstərdi ki, suveren ərazilərin nəzərəçarpan diplomatik fəaliyyətlə birgə hərbi əməliyyatlarla azad edilməsi böyük uğur idi. Soçidəki üçtərəfli görüş reallığı qəbul etməkdən imtina edən və regional iqtisadi və infrastruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəifliyini göstərdi”, – deyə P.Teys bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixən özünün suveren ərazisində müxtəlif etnik icmaların dialoqunun, dinc birgəyaşayışının qorunmasına meyillilik nümayiş etdirib.
“Ermənistanın Soçidə üçtərəfli görüşdə iştirakı irəliyə addımdır və bu məsələdə Rusiya hökumətinin liderliyi çox vacibdir. Moskva Azərbaycanın tam ərazi suverenliyinin saxlanması və Yerevanın reallıqla barışmasına inandırılması ilə bağlı balanslaşdırılmış mövqe tutur”, – ekspert bildirib.
O qeyd edib ki, Soçi görüşü irəliyə doğru addımdır:
“Ermənistan rəhbərliyi zəif olmaqda davam edir və erməni cəmiyyəti, təəssüf ki, özünütəcrid vəziyyətində qalmaqdadır. Bu görüşlər yekunda Paşinyanı inandıracaq ki, ölkəsi üçün iqtisadi uğura aparan yol 10 noyabr 2020-ci il üçtərəfli sazişinin tam icrasıdır. Zəngəzur dəhlizi regional iqtisadi əməkdaşlığı asanlaşdıracaq”, – P.Teys vurğulayıb.
Öz növbəsində amerikalı ekspert və analitik İrina Tsukerman hesab edir ki, Ermənistan ona təqdim olunan “zeytun budağı”ndan imtina etsə, bu, beynəlxalq arenada daha bir dönüş nöqtəsi olacaq.
“Görüş Brüsseldə təyin olunmuş görüşün fonunda keçirildi. Azərbaycan bir daha nümayiş etdirir ki, öz ərazilərini azad etməklə regional inteqrasiyaya sadiqdir və sülh, çiçəklənmə və qarşılıqlı əməkdaşlıq üçün imkanlar təklif edir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, bununla belə sual olunur ki, Ermənistan Zəngəzur dəhlizinın açılmasına müqavimət göstərməklə bu təklifi qəbul edəcəkmi?
“Həqiqətən də, 2022-ci ilin yanvarından Türkiyə ilə idxalı bərpa etmək niyyətində olan Ermənistanın müharibədə məğlubiyyətdən sonra öz qonşusunun sülh təkliflərinə müqavimət göstərməsi qəribədir. Hələlik aydın deyil ki, Ermənistan nə əldə etməyə çalışır. O, təqdim olunan “zeytun budağı”ndan imtina etsə, bu, beynəlxalq arenada daha bir dönüş nöqtəsi olacaq. Ermənistan Aİ tərəfindən maliyyə çatışmazlıqlarının öhdəsindən gəlməyə kömək edəcək dəstəyi və sülhü qəbul edəcəkmi? Yoxsa, bu, əvvəlki kimi revanşistlərin və erməni lobbisinin populist davranışlarından asılı olacaq?” – ekspert əlavə edib.
O vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası irəli gedəcək bir prosesdir və Soçidəki görüş bunu sürətləndirməyə kömək edəcək.
“Azərbaycan hər zaman açıq dialoqun dəstəklənməsi və konfessiyalararası birgəyaşayışın təşviqinə meyilli olub. Bu, Azərbaycanı etnik birgəyaşayışı və dinlərarası dialoqu qoruyub saxlayan aparıcı ölkələrdən biri kimi yüksəldən tarixi fəlsəfədir”, – deyə İ.Tsukerman vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)