Ermənistan Rusiyanın Cənubi Qafqaz üzrə nümayəndəsi (Paşinyan onu Minsk Qrupunun üzvü kimi təqdim etməyə cəhd göstərib, halbuki MQ-nin mövcud olmadığını Rusiya özü elan edib – red.) İqor Xovayevin təqdim etdiyi təklifi dəstəkləyir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai kanala müsahibəsində deyib.
“Hazırda bu təklif işçi sənəd olacaqmı? Bu barədə Rusiyadan soruşmaq lazımdır”, – Paşinyan bildirib.
O qeyd edib ki, işçi müzakirələrdə bu təklif “Xovayev sənədi” adlandırılıb:
“Təklif ondan ibarətdir ki, Qarabağın yekun statusu məsələsi bir müddət təxirə salınsın”.
Paşinyan bildirib ki, Soçidə keçirilən görüş zamanı – həm ictimai şəkildə, həm də qapalı hissədə – bu sənədi dəstəklədiyini deyib:
“Mən istəyirdim ki, Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli yekun bəyanatda ona istinad edilsin. Ancaq müzakirələrin yekununda rusiyalı partnyorlar münasibətlərin qurulmasının əvvəl qəbul edilmiş əsaslar üzərində davam etməsinə çağırışlar etdilər. Əvvəl əldə edilmiş nəticələrdən biri məhz deyilən sənəddir. Rusiyalı tərəfdaşlarımız belə qənaətə gəldilər ki, indiki mərhələdə bu formatda istinad kifayət sayıla bilər və biz sadəcə olaraq dalana dirəməmək və yeni üçtərəfli bəyanatın qəbuluna mane olan yeganə tərəf olmamaq üçün bununla razılaşdıq. Nəticə hər kəsin razılaşdığı və faydalı hesab etdiyi bir sənəd ortaya çıxdı”.
Jurnalistin “Rusiya variantı”nın hazırda dövriyyədə qalıb-qalmadığı sualına isə Paşinyan Rusiyanın cavab verməli olduğunu deyib:
“Biz bu barədə soruşduq və cavab aldıq, ancaq Valday forumunda Rusiya prezidentinin bu məsələni ictimailəşdirməsindən sonra mən bu sualı Rusiya tərəfinə ünvanlayıram”.