Soçidə bu sənəd imzalana bilər – Sensasion şərh

Soçidə bu sənəd imzalana bilər – Sensasion şərh

Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son iki ildə aparılan sülh danışıqlarında, diplomatik müharibədə prinsipial və sərt mövqe sərgiləyib. Ölkə başçısı Ali Baş Komandan kimi müharibə meydanında qazandığımız uğurları diplomatiya masasında da rəsmiləşdirməyə çalışıb və bir an belə həmin xətdən geriçəkilmə olmayıb.

Bu sözləri AzerTimes-a açıqlamasında Soçidə keçirilən üçtərəfli görüşlə bağlı danışan millət vəkili, STM-in rəhbəri Zahid Oruc deyib.

Millət vəkili Ermənistanın bölgədə ikinci cəbhə açmaq niyyətində olan güclərə alət olduğunu və sülh müqaviləsi ətrafında qlobal savaş getdiyini vurğulayıb:

“Obrazlı şəkildə belə demək mümkündür ki, əslində hərbi diplomatiya həmişə uğurlu nəticə verir. Sadə dilə çevirsək, hazırda Ordu danışıqlarda iştirak edir. Əslində sülh müqaviləsini də yazan dövlət başçımızın rəhbərliyi ilə 44 günlük müharibədə qələbə qazanan Şanlı Ordumuzun əldə etdiyi nəticələr və ondan sonra baş verənlərdir. 12-14 sentyabr şərti sərhəd toqquşması da bura daxildir. Çünki biz həmin tarixdə baş verənləri də Vətən müharibəsinin davamı hesab etməliyik. O ki qaldı aparılan danışıqlara, artıq səhnənin görünməyən tərəfi ictimailəşib. Sülh müqaviləsi ətrafında qlobal savaşın getdiyi bəlli oldu. Hərənin öz planı var və mən ona “sülh planı” adını vermək istəmirəm. Lakin təhlükəsizliyə, bölgəni yenidən uzun illər və əsrlər boyu düşmənçilik mərkəzinə döndərməmək, münaqişə erasını bağlamaq və yeni mərhələyə qədəm qoymaq məqsədini yeganə Azərbaycanın irəli sürdüyü model özündə ehtiva edir. Öncə Paşinyanın, sonra isə Ermənistan Baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın “Valday” diskussiya klubunda Putinin Qarabağla bağlı fikirləri ilə bağlı verdiyi açıqlamadan biz masada Azərbaycanın təkliflərinin olduğunu bildik. Qarşı tərəf dövlətimizin təkliflərini modifikasiya edərək bu gün Soçidə müzakirələrin bununla bağlı olacağını gözləyir. Belə bir şəraitdə İranın bu müqavilənin işə düşəcəyi şəraitdə özünə sərhəddə təhlükə görməsi və oraya hərbi qüvvələrini yığmasını, Avropa Birliyinin tarixdə ilk dəfə 40 nəfərdən ibarət zahirən mülki libaslı bir taboru bölgəyə gətirib, Basarkeçərdən Zəngəzuradək müşahidə məntəqələri quraraq oraya yerləşməsini, ATƏT-in də ilk dəfə polyak əsilli polkovnik Robert Tkaçkinin rəhbərliyi altında bölgəyə ikinci bir missiyanı göndərməsini, Azərbaycana son bir ayda beynəlxalq miqyasda xarici işlər nazirləri, parlamentlər və qlobal media quruluşları səviyyəsində edilən şiddətli hücumları nəzərə aldığımızda, Rusiyanın bugünki danışıqları müəyyən bir səviyyəyə çatdırmağa və sənədlərin imzalanmasına nail olmağa çalışacaq. Bu, əlbəttə ki, proseslərin təhlili nəticəsində gəldiyimiz qənaətdir”.

Zahid Oruc Paşinyanın Rusiyanın təsir dairəsindən çıxdığını göstərmək üçün bugünkü görüşdə də müəyyən addımlar atmağa çalışacağını qeyd edib:

“Paşinyan iki gün öncə təşkil olunan virtual polemikada dövlətlərarası münasibətlər sahəsində Rusiyanın təklif etdiyi şərtləri razılaşdırmağa və yaxud imzalanma mərasiminə hazır olduqlarını bildirib. Ancaq o, müqavilədən danışmadı. Bəlli oldu ki, Paşinyan hökuməti ölkəsinin hazırda xaotik durumda olan xarici siyasət kursunu hər zaman bağlı olduqları Rusiyadan və rus xalqından qopmaq yönündə, yüz il bundan əvvəl Çar İmperiyasının süqutu dövründə olduğu kimi, Rusiyanın Ukrayna müharibəsinin nəticəsindəki aqibətini müəyyənləşdirmədən Bayden və Makrondan yardım almaqla regional siyasi və geosiyasi tarazlığı pozacaq və təhlükəsizlik təfriqəsi yaradacaq addımlar atır. Belə bir vəziyyətdə İranın Ermənistan məsələsində ABŞ-la maraqlarının sanki üst-üstə düşməsi unikal bir vəziyyətdir. Biz Putinin Ukraynadan sonra Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açıldığının fərqində olduğunu hesab edirik. Bu, həm də Azərbaycana, Türkiyə və İrana qarşı açılan ikinci cəbhədir. Yəni Qərbin qüvvələri bölgəyə elə-belə gəlmir. Ermənistan müdafiə naziri Suren Papikyanın bir ay öncə Fransada öz həmkarı Sebastian Lekorn ilə görüşü oldu. İki gün öncə isə Fransanın yüksək rütbəli hərbçiləri Ermənistana gəlib. Gördüyünüz kimi, böyük bir diplomatik, siyasi və hərbi trafik mövcuddur. Bu, bölgədə yeni bir toqquşma və müharibəyə, eyni zamanda dediyimiz ölkələrə qarşı ikinci cəbhənin açılması üçün zəmin hazırlayır. Ona görə də artıq sadə vətəndaşlarımız 44 günlük müharibədəki şiddətli döyüşlərin diplomatiya masasında davam etdiyinin fərqindədir. Tək bir fərq var ki, diplomatik savaşı qısa müddətdə yekunlaşdırmaq o qədər asan deyil. Amma cənab İlham Əliyev eyni güc, iradə və peşəkarlıqla millətimizin iradəsini bu danışıqlara daşıyır. Paşinyanın taktikası artıq hamı üçün sadə və başadüşüləndir. O, sənədlərin bir qismini Moskvada, digər bir qismini isə Brüsseldə və ya üçüncü Qərb paytaxtlarında imzalamağa çalışacaq. Bununla dünyaya danışıqları Rusiyanın təsir dairəsindən çıxarmaqda olduğunu göstərmək istəyəcək. Bəhanə kimi də 600 milyon dollar qarşılığında Rusiyanın İrəvana silah satmadığını, siyasətçilərin 12-14 sentyabr hadisələrinə münasibət bildirmədiyini, KTMT-nin müvafiq addımlar atmadığını göstərərək öz talelərini başqalarının himayəsində gördüklərini qeyd edəcək”.

Millət vəkili İlham Əliyevin üçtərəfli görüşdə Naxçıvanla quru əlaqəsinin təmini və qanunsuz hərbi birləşmələrin çıxarılması məsələsinin reallaşmasına çalışacağını bildirib:

“Azərbaycan isə maksimum dərəcədə öz müstəqilliyini gücləndirmək, ərazi bütövlüyünü qorumaq və suverenliyini tam bərpa etmək üçün çalışır. Qarabağ məsələsindən qəbul edilən sənədlərin heç birində bəhs olunmur. Ona görə, Vardanyanın pulu ilə Xankəndiyə əhalini yığıb mitinq keçirməklə Bakı və İrəvana təzyiq göstərməyə çalışırlar. Bu, ötən əsrin 90-cı illərində də baş verib. Xankəndi və ətrafında yaşayan sadə erməni əhalisinə belə planlar yalnız zərbə vurur. Onlar sabah mitinqlər bitəndən sonra yenə öz qapılarında təsərrüfat qayğıları və real sosial problemləri görəcəklərini, bu gerçəkləri yaşamalı olduqlarını dərk edirlər. Təhlükəsizliyə isə zəmanəti heç kim yox, məhz Türkiyə və Azərbaycan verə bilər. Fikrimcə, bugünkü görüşdə İlham Əliyev 10 noyabr bəyanatındakı iki maddənin reallaşmasına, yəni hərbi birləşmələrin tamamilə ərazimizdən çıxarılması, eyni zamanda Naxçıvanla quru əlaqəsinin açılmasına nail olacaq. Delimitasiya və demarkasiya, yekun sülh müqaviləsi məsələsi isə növbəti görüşlərdə öz həllini tapacaq. Putinin qlobal geosiyasi savaşların yaşandığı və sonuncu Praqa görüşündə əldə olunan razılaşmalar fonunda Soçi görüşündə hansısa sənədlərin imzalanmasına nail olmaq üçün bütün imkanlarını səfərbər edəcəyini düşünürəm”.

Teqlər: