Xəbər - Elçin Mehdiyev – Trend:
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün vacib məqamlarından biri də regionda avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunması oldu.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, görüşdən sonra keçirilən mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dəhliz ifadəsini işlətməsinin Rusiyanın regionda kommunikasiyaların açılmasına böyük önəm verdiyini, xüsusilə də Zəngəzur dəhlizi layihəsini dəstəklədiyini açıq şəkildə göstərdi.
“Rusiya tərəfi regionda nəqliyyat yollarının açılmasını yüksək qiymətləndirir. Artıq regionun yeni nəqliyyat-kommunikasiya landşaftı formalaşır. Zəngəzur dəhlizi Horadizdən başlayaraq İstanbula qədər uzanacaq. Ümumi uzunluğu 3610 metr olan bu yolun əhəmiyyətli hissəsi inşa edilib, hazırda Zəngilan ərazisində tunel və yol qovşaqlarının tikintisi davam edir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. “Ümumilikdə yol qovşaqları çoxşaxəli olmaqla Zəngəzur dəhlizi ilə Naxçıvan, oradan da İstanbula gedən beynəlxalq magistralla birləşəcək. Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarını tamamilə əhatə edəcək bu yol qovşaqları beynəlxalq əhəmiyyətli tranzit magistrallarının ən rentabelli və logistika şəbəkələrinin əhatə olunduğu sistemə çevriləcək”, – deyə A.Hüseynv bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq tipli nəqliyyat infrastrukturlarının yaradılması bir daha Zəngəzur dəhlizinin strateji və siyasi-iqtisadi əhəmiyyətini artırmış olur.
“Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq.
Azərbaycanın yaratdığı tranzit potensiallarından İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Zəngəzur dəhlizi dostluq və faydalı birgə əməkdaşlıq qapısı olmaqla bütün iştirakçıların , o cümlədən də Ermənistanın üzünə açıqdır. Hər bir ölkə xoş niyyətlə, heç bir iddia olmadan, yalnız sülhə və geniş əməkdaşlığa töhfə verə biləcək iradə nümayiş etdirməklə bu trans-kommunikasiya ailəsinin üzvünə çevrilə bilər. Xüsusilə də Ermənistan belə bir fürsəti qaçırmamalıdır”, – deyə deputat qeyd edib.
Deputat Cavid Osmanov isə AzerTimes-a bildirib ki, növbəti üçtərəfli görüş Azərbaycanın diplomatik qələbəsi ilə yadda qaldı.
“Görüşün yekununda bəyanatın Azərbaycanın istədiyi kimi hazırlanması bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik uğuru və qələbəsidir. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra keçirilən mətbuat konfransında dəfələrlə dəhliz ifadəsindən istifadə etməsi və dəhlizin tez bir zamanda işə salınması fikirlərini işlətməklə birmənalı olaraq Rusiya Prezidentinin Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsini dəstəklədiyini ifadə edirdi.
Prezident Vladimir Putin regionda kommunikasiyaların açılmasında Rusiyanın da maraqlı olmasını vurğuladı. Rusiyanın bu mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi bir daha göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin atdığı bütün addımlar, o cümlədən nəqliyyat yollarının, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində irəli sürdüyü təşəbbüslər Rusiya tərəfindən də dəstəklənir və heç şübhəsiz ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması istiqamətində vacib addımlar atılacaq”, – deyə deputat vurğulayıb.