Vladimir Putinin çıxışını mütərəqqi və Qarabağ probleminin həllinə konstruktiv yanaşma kimi qiymətləndirmək mümkün deyil.
Bu sözləri AzerTimes-a Rusiya Prezidenti Putinin “Valday” klubunda çıxışında Qarabağ məsələsi bağlı səsləndirdiyi fikirləri şərh edən professor Qabil Hüseynli deyib.
Professor qeyd edib ki, Rusiya beş rayonla məsələləri bitirmək istəyirmiş:
“Üstəlik Azərbaycanın ərazi bütövlüyünə və separatçı tör-töküntülərin Qarabağdakı oyuncaq qurumuna münasibət aydın şəkildə hiss olunur. Hiss olunur ki, Rusiya sözügedən oyuncaq qurumu müdafiə və mühafizə edir, onu qanadının altına alıb. İndi bölgədə baş verən hadisələr də bunu göstərir. Ona görə də 31 oktyabrda keçiriləcək görüşdə Rusiyanın bir sıra məsələlərlə bağlı sərgiləyəcəyi mövqe haqqında qəti fikir söyləmək o qədər asan deyil. Hətta mənim özümdə də müəyyən şübhələr var. Keçmişə müraciət etmək və nələri isə yada salmaq nə Rusiyanın, nə də Putinin xeyrinədir. Çünki keçmiş həm ərazilərimizin işğalı, həm də sülhyaratma prosesinə törədilən süni əngəllər baxımından Azərbaycan xalqının yaddaşında mənfi izlər buraxıb. Ermənilərin silahlandırılması, Rusiyanın kredit adı altında Ermənistana 8,5 milyard dollara yaxın dəyəri olan silah-sursat və hərbi texnika verməsi bu mənfi izlərə nümunədir. Bundan başqa Erebunidə Rusiya Hərbi Hava Qüvvələrinin, Gümrüdə Quru Qoşunlarının hərbi bazaları qurulub. Eyni zamanda Zəngəzur və Tovuza yaxın olan Ermənistan ərazisində yeni hərbi bazaların təməlləri qoyuldu və hazırda orada tikinti işləri aparılır”.
Politoloqun sözlərinə görə, Rusiyanın bölgədə olan geostrateji maraqlarını hansısa formada anlamaq və qəbul etmək olar, amma təəssüf ki, geostrateji maraqlar qəsbkarlıq metodları ilə müşayiət olunur:
“Bölgəni daim nəzarət altında saxlamaq və bu məqsədlə müxtəlif münaqişələr törədib, sonradan onların münsifinə çevrilmək arzusu Rusiyanın arsenalında həmişə önəmli yer tutub. Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın zorla çıxarılması, oraya dünyanın müxtəlif yerlərindən ermənilərin köçürülməsi, tarixi torpaqlarımızda Ermənistan dövlətinin qurulması, ötən əsrin 80-ci illərində güclənən separatçı fəaliyyətlərin birbaşa Moskvadan idarə olunması, müharibə zamanı və ondan sonrakı dövrdə münasibət, ən son isə dünən “Valday”da Putinin səsləndirdiyi fikirlər onu göstərir ki, artıq Rusiya tərəflər arasında vasitəçi olma hüququnu itirib. Rəsmi Moskva qarşıdakı 31 oktyabr görüşündə də vasitəçi kimi tərəfləri qane edəcək və ərazi bütövlüyü məsələsini şübhə altına salmayan konseptual həll planını təqdim etməyəcəyini, bəzi məsələlərin həllini yenə zamana buraxacağını, vaxtı uzatmağa çalışacağını bəlli etdi. Putinin “Valday”da çıxışı zamanı Ermənistan haqqında səsləndirdiyi bir sıra fikirlərin Azərbaycana da mesaj xarakterli olduğunu deyə bilərik. Fikrimcə, Rusiya yenə də tərəfləri təhdid etmək yolu ilə regionda varlığını saxlamaq üçün Qarabağdakı separatçıların və mandatı olmayan sülhməramlıların vaxtını uzatmaq istəyir. Ona görə Soçi görüşündə də nəsə konkret plan irəli sürüləcəyini və sülh müqaviləsi üçün yekun addımlar atılacağını gözləmirəm”.