SOCAR Yaponiyanın “JOGMEC” şirkəti ilə birgə seysmik kəşfiyyat işləri aparacaq

SOCAR Yaponiyanın “JOGMEC” şirkəti ilə Şamaxı-Qobustan neftli-qazlı rayonunun “Ütəlgi” bloku üzrə 2D seysmik kəşfiyyat işlərinin aparılmasına dair müqavilə imzalayıb.

AzerTimes SOCAR-a istinadən xəbər verir ki, müqaviləyə əsasən “Ütəlgi” blokunda 628 xətti km həcmində 2D seysmik kəşfiyyat işləri aparılacaqdır. Sənəd çərçivəsində əvvəlcə mütəxəssislər tərəfindən ətraf mühitin qiymətləndirilməsi sənədi hazırlanacaq. Kəşfiyyat işlərinin cari ilin aprel ayında başlanılması, avqust-sentyabr aylarında isə yekunlaşdırlması nəzərdə tutulur. Sahədə mikro-seysmik karotaj işləri və şlam nümünələrinin götürülməsi məqsədilə 5 ədəd 100 metrlik və 91 ədəd 30 metrlik quyular qazılacaqdır.

Aparılacaq işlər “Ütəlgi” blokunda seysmik məlumatların az olduğu ərazilərdə yeni və daha yüksək keyfiyyətli məlumatların qeydə alınması məqsədi daşıyır. Hazırkı müqavilə SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında daha əvvəl – 28 oktyabr 2019-ci ildə bağlanmış “Azərbaycan Respublikasında “Ütəlgi” Kəşfiyyat Bloku üzrə Tədqiqat Əməliyyatlarına dair Birgə Tədqiqat Sazişi”nə uyğun olaraq imzalanıb və tərəflər arasında geniş əməkdaşlıq layihəsinin tərkib hissəsidir. Birgə Tədqiqat sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “JOGMEC” prezidenti Tetsuhiro Hosono tərəfindən imzalanmışdır.


Qeyd edək ki, Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (“JOGMEC”) 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürmüşdür. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (Ministry of Economy, Trade and İndustry – METİ) tərkibinə daxil olan “JOGMEC” Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından ITOCHU, İNPEX və s. şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.

Teqlər: