SOCAR prezidenti Sərgənlə bu məsələlərdə anlaşa bilmir

SOCAR prezidenti Sərgənlə bu məsələlərdə anlaşa bilmir

Türkiyənin tanınmış mütəxəssislərindən olan Sərgən Yalçının “Neftçi” ilə danışıqlar apardığı üçün Bakıya gəldiyi barədə məlumat vermişdik. 50 yaşlı məşqçi ötən gün “ağ-qaralar”ın Müşahidə Şurasının sədri, klubun baş sponsoru olan SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bir neçə saat davam edən müzakirələrdən sonra Sərgən Yalçın və Rövşən Nəcəf bir sıra məsələlərdə ortaq məxrəcə gəliblər. Ancaq danışıqları yekunlaşdırmaq mümkün olmayıb. Buna səbəb türkiyəli çalışdırıcının tələbləri olub.

Mütəxəssis Rövşən Nəcəfdən yüksək transfer büdcəsi və transfer siyasətində sərbəstlik istəyib. Onun bu təklifi elə də müsbət qarşılanmayıb. SOCAR rəhbəri ötən mövsüm yaşanan uğursuzluqdan sonra kluba şəxsən nəzarət edəcəyini bildirib. Yalçın “ağ-qaralar”la bağlı yeni layihənin uğurlu olması üçün bir neçə təklif də irəli sürüb. Bu təkliflərin böyük hissəsinə R.Nəcəf razılıq verməyib.

“Neftçi”nin sədrinin də Sərgən Yalçından bir neçə istəyi olub. O, türkiyəli məşqçinin qarşısına yerli gənc futbolçularla bağlı şərt qoyub. Rövşən Nəcəf mümkün olduğu qədər onlara şans verilməsini istəyib.

Danışıqlar zamanı 50 yaşlı məşqçinin “Neftçi”də alacağı maaşa da aydınlıq gəlib. “Ağ-qaralar” Yalçına illik 1 milyon dollar məvacib ödəyəcək. Sözləşmədə əlavə bonuslar da yer alacaq. Bu maddələr komanda çempion olacağı, avrokubokların qrup mərhələsinə vəsiqə əldə edəcəyi və ölkə kubokunu qazanacağı halda akivləşəcək.

Daha bir neçə məsələdə anlaşılmazlıq olub. Ancaq tərəflər bu gün yenidən bir araya gəlməklə bağlı qərar veriblər. Danışıqlar müsbət nəticələnərsə, bu axşama kimi “Neftçi” hazırkı baş məşqçisi Laurentsiu Regekampfla müqaviləyə birtərəfli şəkildə xitam verəcək və Sərgən Yalçının təyinatını açıqlayacaq.

Bu gün “ağ-qaralar” üçün olduqca hərəkətli gün olacaq. Çünki Rövşən Nəcəf klubun hazırkı rəhbərliyi barədə də qərar verəcək.

Teqlər: