SOCAR milyonlar mənimsəyir? – Şok fırıldaqçılıq

SOCAR milyonlar mənimsəyir? – Şok fırıldaqçılıq

SOCAR adından pul qazanmaq adı ilə fırıldaqçılıq edənlərin toruna bu dəfə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu düşüb.

AzerTimes xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

Ş.Xuduoğlunun paylaşımını olduğu kimi təqdim edirik:

“SOCAR-ın unikal layihəsi. Aylıq 1000 manat qazan. Pul necə gəlir gətirir”. İnstaqram və Feysbukda tez-tez bu yazılı və səsli məlumat qarşıma çıxır. Bir gün mən də linki tıkladım.

Məlumatda deyilirdi ki, Azərbaycan Prezidenti oktyabr ayında fərman imzalayıb ki, hər bir Azərbaycan vətəndaşı artıq SOCAR-ın investoru ola bilər. Prezidentin adı olduğundan çox inandırıcı görsəndi. Həm də sevindim ki, nəhayət, neftdən bizə də bir pay gələcək.

Tənbəllik etməyib qeydiyyatdan keçdim. Az sonra zəng gəldi. Dedi ki, mən mütəxəssisəm, sizə köməklik edəcəyəm.

Andrey Solovyovla xeyli söhbət etdik, investisiya barədə mənə çox inandırıcı məlumat verdi.

Soruşdu, aylıq nə qədər gəlir əldə etmək istərdin? Dedim 10 min olsa, rahat yaşayaram. Qərarlaşdırdıq ki, mən ilkin olaraq 250 dollarlıq investisiya paketindən başlayım.

Andrey dedi ki, 7 ildir bu sahədə fəaliyyət göstərir, Bakıya da yaxşı mütəxəssis kimi dəvət alıb.

“Əgər bu layihə Azərbaycan vətəndaşları üçün nəzərdə tutulubsa niyə bütün reklamlar rus dilində yayılır?” – soruşdum. Dedi, bunu mən bilmirəm, reklamçılardan soruşmaq lazım.

Məsləhət verdi ki, az miqdarla başlayım, sonra daha böyük məbləğə keçərəm və 10 min manatı qazanaram.

Bir anlıq 10 minləri hesabladım, 10 aya 100 min manat edirdi və bu, çox böyük məbləğ idi. Belə getsə, mən 3 ilə yaxşı mətbəə avadanlıqları alacağam və 5 ildən sonra gənc yazarlara yardım fondu yaradacaq, 10 ildən sonra nəşriyyat üçün 40 sotluq böyük anbar tikəcəm. Andrey investisiyanın sirlərini danışır, mən isə qazandığım pulları hesablayırdım.

Artıq iki saata yaxın olardı biz Vatsapla danışırdıq. Mənə Teleqramla link atdı ki, qeydiyyatdan keçim, sonra 250 dollarımın aylıq gəlirini deyəcəkdi.

Göndərdiyi linkdə ümumi məlumatlarımı yazdım. Kartımın da məlumatlarını doldurdum. Sonra hətta məbləği də qeyd etdim ki, ödəyim. Bankdan bu məbləği ödəyib-ödəməyəcəyim barədə mesaj gəldi. Bundan sonra Andreyə ödənişi etdiyim barədə məlumat verdim.

Əslində bank qarşısını almasaydı, kartımdan silinəcəkdi.

Dedim qrafiki göndər, artıq ödəniş etmişəm. Gün boyu Andreydən xəbər çıxmadı. Səhəri zəng etdi ki, səndən pul gəlməyib, dedim, ödəyəcəm. Sonra sükan arxasında olmağımı bəhanə edib danışığı kəsdim. Daha sonra ondan gələn zənglərə qadağa qoydum. Təsadüfən xarici nömrədən gələn zəngə cavab verdim. Andrey idi. Ona məni sona qədər inandıra bilmədiyini söylədim. “Daha SOCAR-ın layihəsində iştirak etmək istəmirəm” dedim.

Qeyd edək ki, SOCAR dəfələrlə rəsmi xəbərdarlıq yayıb və bunun fırıldaq olduğunu bildirib, sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb.

Teqlər: