COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində Azərbaycanın bir sıra regional təşəbbüslərin həyata keçirilməsində rolu və bu qəbildən olan məsələlərə diqqət yönəltməyə çalışdıq. O da vurğulanmalıdır ki, bu tədbir çərçivəsində SOCAR irəli sürülən təşəbbüslərin birinə qoşulub. Həmin öhdəliyə əsasən SOCAR 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi könüllü öhdəliyini qəbul edib və bununla bağlı müvafiq sənədlər imzalayıblar.
AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər arasında ölkə iqtisadiyyatında yaşıl keçidin təmin edilməsinin dayanıqlığını “yaşıl enerji” mənbələrin bir tərəfdən artırılması, digər tərəfdən iqtisadi səmərəliliyin təmin edilməsi və bunun üçün özəl investisiyaların həmin sahələrə yatırılması üçün şəraitin yaradılması kimi məsələlər əks olunub.
“Neft və qaz hasil edilərkən əmələ gələn metan tullantıların azaldılması üçün bir sıra texniki-texnoloji tədbirlər sərmayələr həyata keçiriləcək. Bu da həm ölkəmizdə olan iqlim mövzularına diqqəti cəlb edir, həm də qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir. Ölkəmiz öz üzərinə götürdüyü hədəfləri 2030-cu il üçün toplam enerji balansımızda bərpa olunan enerji mənbələrinin hədəflərinə çatdırılması məqsədini vaxtından öncə yerinə yetirəcək. Azərbaycanın təşəbbüsü ilə iki həftə bundan öncə ölkəmizdə Azərbaycan, Özbəkistan, Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə birgə görüş keçirilib. O görüşdə bölgəmizdə istər Azərbaycanda, istərsə də Orta Asiya ölkələrində istehsal olunan enerji, bərpa olunan enerji mənbələrinin həm ixracı, həm mübadiləsi imkanları, eyni zamanda, Xəzər dənizi sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr müzakirə edilib”, – deyə Mikayıl Cabbarov əlavə edib.