SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək

Nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faiz ödənişi 19 aprel tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək. (17 aprel tarixi qeyri–iş gününə təsadüf etdiyindən, buraxılış şərtlərinə əsasən, növbəti ilk iş günü).

Şirkətdən AzerTimes-a bildirilib ki, 4 ildən artıqdır yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin ikinci, ümumilikdə isə, 18-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 22 milyon 500 min dollara yüksəlmiş olacaq (toplamda 25 milyon dollar). Təkrar bazar əməliyyatları həcminin $200 milyona çatması, bağlanmış əqd sayının 2.400–ü ötməsi və Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir. 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2021-ci ilin ilk rübü üzrə ölkənin korporativ istiqraz bazarındakı payı 62% təşkil edib.

SOCAR İstiqrazlarının növbəti kupon ödənişi cari ilin 17 iyul tarixində baş tutacaq. *1999 çağrı nömrəsi daim investorların xidmətindədir.

Teqlər: