SOCAR Azərbaycanın olduğu kimi, Türkiyənin də ən önəmli qurumlarından biridir. Mayın 31-də bir qrup fələstinli fəalın şirkətin İstanbuldakı ofisinin binası qarşısında təxribat törətmək cəhdi Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaqdan başqa bir şey deyil. Bu basqın Azərbaycan-Türkiyə münasibətlərini korlamağa cəhd edən qüvvələr tərəfindən planlaşdırılıb.
AzerTimes xəbər verir ki, Report təxribatın birbaşa Türkiyədə kök salan və İrandakı bəzi qüvvələr tərəfindən idarə olunan qruplaşmalar tərəfindən idarə olunduğunu yazıb. Lazımi yerlərdə öz sözlərini deyə bilməyənlər Fələstin bəhanəsilə bu murdar əməli törədiblər.
Maraqlısı budur ki, Türkiyə bir çox dövləti qarşına alaraq Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir. Belə olan halda bəzi qüvvələrin təxribat cəhdi “sakit gölə daş atmaq” prinsipindən uzağa getmir.
“Azərbaycanın ən böyük şirkəti olan SOCAR ölkənin əsas brendidir. SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir. İnvestisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Çox da uzaq olmayan tarixi – 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir”, – məqalədə bildirilib.
Qeyd edək ki, bir qrup şəxs Fələstin bəhanəsilə SOCAR-ın İstanbul ofisinə basqın edib, binaya ziyan vurublar. Bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb.