Martın 16-da “Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi
Təşəbbüsü”nün (CEPI) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə
“Dekorbanizasiya və yeni enerjiyə keçid” mövzusunda Beynəlxalq
Ekoloji Konfrans keçiriləcəkdir.
SOCAR-dan AzerTimes-a bildirilib ki, konfrans iqlim dəyişmələrinin
ətraf mühitə təsirinin azaldılması və qlobal miqyasda ekoloji
təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaqdır. Tədbirdə
Azərbaycan Respublikasının dövlət qurumları ilə yanaşı, Birləşmiş
Krallığın Lordlar Palatası üzvlərinin, ölkəmizdə fəaliyyət göstərən
bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya
Bankı təmsilçilərinin, BP, “KazMunayGaz”, “Total E&P Absheron
B.V.”, “Equinor”, “Rosneft”, “Lukoyl” kimi neft-qaz şirkətlərinin
rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat
müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və
media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
“Dekarbonizasiya və yeni enerjiyə keçid” və “Neft-qaz
əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə”
sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal
iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə
neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq
xarakterli təqdimatlar keçiriləcəkdir. Tədbirdə həmçinin adaptasiya
və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi,
ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq
elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və
qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması
məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması
planlaşdırılır.
Xatırladaq ki, CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də
Bakı şəhərində “Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi
Təşəbbüsü”nün yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total
E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında
anlaşma memorandumunun imzalanması ilə başlayıb.