SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)

2021-ci ildə vaksinasiya proseslərinin sürətlənməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi aktivliyi yüksəltmiş, müxtəlif sahələrdə canlanma yaratmışdır. Neft sektorunda enerji resurslarına tələbatla paralel olaraq neftin-qazın qiymətləri də əhəmiyyətli dərəcədə artmışdır. Qlobal miqyaslı müsbət trendlərdən yararlanan SOCAR xərclərin optimallaşdırılması və istehsalatda səmərəliliyin yüksəldilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olmuşdur.

AzerTimes xəbər verir ki, bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapıb.

2021-ci ildə SOCAR üzrə 62 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil olunub. Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 %, qaz hasilatı isə 7 % çoxdur. Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1% artaraq, 43,9 milyard kubmetrə çatıb. İl ərzində Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən OPEC+ razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.

2021-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 1% artaraq 18,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir. Təbii qazının ixracatı isə 40% artaraq 18,8 milyard kubmetrə çatıb.


Ötən il ölkəmizdə ümumilikdə 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki il ilə müqayisədə 8,4 % çoxdur. 2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 %-dən 96,3 %-ə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir. Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək, metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.

İl ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 6,7 milyon ton neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr qaz emal edilib. Neft emalında 13,3 %-dən çox artım, qaz emalında isə nisbi azalma baş verib.

2021-ci ilin yekunlarından bəhs edərkən neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçməsi də qeyd olunmalıdır. Bu, 2020-ci illə müqayisədə təxminən 25,5% çoxdur.

Teqlər: