Bakıda zavodda yanğın olması barədə görüntülər yayılıb. Bildirilib ki, yanğın hadisəsi SOCAR-a məxsus zavodların birində baş verib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən AzerTimes-a bildirilib ki, bu, yanğın hadisəsi deyil, texniki prosesdir.
Qeyd edilib ki, şirkət bir müddət əvvəl də məsələ ilə bağlı ictimaiyyətə bu barədə xəbərdarlıq edib.
Belə ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.
“Hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.
NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi həyata keçirilir və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmə görünür.
Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.