Burada il ərzində 9000 təyyarənin yanacaq təchizatı planlaşdırılır
Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin Türk hava nəqliyyatı sektoru ilə birlikdə böyüyən markası SOCAR AVIATION, İzmirin Adnan Menderes hava limanında yanacaq təchizatını artıq öz yanacaqdoldurma məntəqəsindən həyata keçirəcək.
Şirkətdən AzerTimes-a bildirilib ki, “SOCAR Türkiyə” Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) tərəfindən elan edilən tenderi SOCAR AVIATION markası ile qazandıqdan sonra istismara verilən Adnan Menderes yanacaqdoldurma məntəqəsi, ilk yanacaq tədarükünü 2020-ci il dekabrın 5-də Türk Hava Yolları (THY) üçün həyata keçirdi.
İLDƏ 9 000 TƏYYARƏYƏ YANACAQ DOLDURULACAQ
Adnan Menderes hava limanındakı məntəqəsi ilə birlikdə “SOCAR Türkiyə” ikinci hava nəqliyyatı yanacaqdoldurma məntəqəsini istismara verib. SOCAR AVIATION-ın təmir və lisenziya proseslərinin ardınca Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) lisenziyasını alan Adnan Menderes yanacaqdoldurma məntəqəsində 2 ədəd 750 kubmetrlik təyyarə yanacağı çəni yerləşir. Ümumilikdə 2.500 kvadrat metr sahədə qurulmuş məntəqə mövcud infrastrukturu ilə illik 182 000 kubmetrlik yanacaqdoldurma potensialına malikdir. Bu potensial hava limanının ümumi tələbatının 60%-ni qarşılayır. Bu çərçivədə ildə 9 000 təyyarənin yanacaq təchizatı nəzərdə tutulur.
NÖVBƏDƏ YENİ HAVA LİMANLARI VAR
SOCAR AVIATION 2013-cü ildə hava nəqliyyatı sektorunda fəaliyyətə başladıqdan sonra bir sıra hava limanının təyyarə yanacağı tədarükçüsünə çevrilib. Muğla Milas-Bodrum ve İzmir Adnan Menderes hava limanları ilə yanaşı İstanbul Sabiha Gökçen, Antalya, Muğla Dalaman, Ankara Esenboğa, Trabzon, Samsun Çarşamba, Adana, İstanbul İGA hava limanlarının da yanacaq ehtiyacını qarşılayır. Yanacaqdoldurma sahəsində investisyalarını davam etdirən SOCAR AVIATION gələcəkdə yeni yanacaqdoldurma komplekslərini də istismara verməyi planlaşdırır. “SOCAR Türkiyə”nin enerji zəncirinin bütün həlqələrini ehtiva edən inteqrasiyalı strukturu sayəsində STAR NEZ-in təyyarə yanacağı istehsal gücünün üstünlüyünə də sahib olan SOCAR AVIATION, Türk hava nəqliyyatı sektoruna ən yaxşı şəkildə xidmət vermək üçün işlərini davam etdirir.