Xəbər - Ləman Zeynalova. Trend:
SOCAR AQŞ tərəfindən Bulla-dəniz yatağı 6 saylı özüldən qazılan layihə dərinliyi 5950 metr, layihə horizontu VIII horizont olan 117 nömrəli quyuda hazırda qazma işləri aparılır.
Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.
“Quyuda 24” (609.6 mm) kəmər 1226 metr dərinliyə endirilərək sementlənmişdir. Hazırda növbəti seksiyanın qazılması işləri aparılır və quyudibi dərinlik 1247 metrə çatdırılmışdır. 2021-ci ilin sonuna qədər 5000 metr qazma keçidinin əldə olunması planlaşdırılır.”
Bundan başqa, hazırda SOCAR AQŞ Günəşli yatağı 7 saylı DDSÖ-də, Qərbi Abşeron yatağı 10 saylı DSÖ-də və “UBOC” Əməliyyat şirkətinin sifarişi əsasında ÜMİD yatağı 1 saylı SDÖ-də qazma və yeni quyuların qazılması üçün montaj, rekonstruksiya işləri aparır.
SOCAR AQŞ, 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Oil Services (UK) Limited və Absheron Qazma LLC (AQS) tərəfindən inteqrə edilmiş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir.
Enerji sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupu olan Nobel Oil Services (UK) Limited SOCAR AQŞ-nin əsas səhmdarıdır.
Təsisçilərdən biri olan SOCAR, SOCAR AQŞ-yə 160 ildən çox sənayə üsulu ilə neft və qaz quyularının qazılması sahəsində təcrübə qazandırarkən, digər tərəfdaş olan AQŞ birgə müəssisəyə qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə metodlarını gətirir.
SOCAR AQŞ, 2009-cu ildən bəri IADC-nin (Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası) üzvüdür.
Davamlı beynəlxalq inkişaf hədəfləri çərçivəsində və maliyə səmərəliliyini qoruyaraq, quruda və dənizdə kompleks qazma layihələri həyata keçirmək imkanlarını genişləndirərək SOCAR AQŞ, KCA Deutag ilə birlikdə 2018-ci ildə Turan Drilling & Engineering müştərək müəssisəsini (BM) qurub.