Xəbər - Ləman Zeynalova. Trend:
SOCAR AQŞ bu il Qərbi Abşeron yatağında 3 quyunun qazılmasını tamamlanaraq sifarişçiyə təhvil verməyi planlaşdırır.
Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.
“Hazırda Qərbi Abşeron yatağı 10 saylı DSÖ-dən qazılacaq əlavə 4 quyu üçün montaj işləri aparılır. İl ərzində platformada 3 quyu (147-layihə dərinliyi 820 metr, layihə horizontu Qırmakı lay dəstəsi (QD), 148-layihə dərinliyi 950 metr, layihə horizontu QD, 149-layihə dərinliyi 950 metr, layihə horizontu QD) qazılıb, tamamlanaraq sifarişçiyə təhvil verilməsi və 1 quyunun (150-layihə dərinliyi 820 metr, layihə horizontu QD) qazma işlərinə başlanılması planlaşdırılır.”
SOCAR AQŞ, 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Oil Services (UK) Limited və Absheron Qazma LLC (AQS) tərəfindən inteqrə edilmiş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir.
Enerji sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupu olan Nobel Oil Services (UK) Limited SOCAR AQŞ-nin əsas səhmdarıdır.
Təsisçilərdən biri olan SOCAR, SOCAR AQŞ-yə 160 ildən çox sənayə üsulu ilə neft və qaz quyularının qazılması sahəsində təcrübə qazandırarkən, digər tərəfdaş olan AQŞ birgə müəssisəyə qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə metodlarını gətirir.
SOCAR AQŞ, 2009-cu ildən bəri IADC-nin (Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası) üzvüdür.
Davamlı beynəlxalq inkişaf hədəfləri çərçivəsində və maliyə səmərəliliyini qoruyaraq, quruda və dənizdə kompleks qazma layihələri həyata keçirmək imkanlarını genişləndirərək SOCAR AQŞ, KCA Deutag ilə birlikdə 2018-ci ildə Turan Drilling & Engineering müştərək müəssisəsini (BM) qurub.