SOCAR 2019-cu il maliyyə göstəricilərini açıqladı

SOCAR 2019-cu il maliyyə göstəricilərini açıqladı

SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib.

2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunub. Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınıb ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.

SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlib.

Ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: SOCAR Polymer şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.

SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına buradan baxa bilərsiniz.