Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını
güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, prokuror çıxışında İsmayıl Məmmədovun 20 il
azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı
şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin
əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi
münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami
RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat
yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət
Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs
qismində istintaqa cəlb edilib.