Heydər Əliyev Sovet İttifaqı üçün, elm tutumlu sənayenin, sovet iqtisadiyyatının ən mühüm sahələrinin və istiqamətlərinin inkişafı üçün çox iş görüb. O, müasir Azərbaycanın banisi olub. İndi Azərbaycan iqtisadiyyatı hər il inkişaf edir, bu ölkədə insanlara qayğı artır, beynəlxalq layihələr həyata keçirilir.
AzerTimes xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski söyləyib.
O deyib:
“Bu gün Azərbaycan insanların yaşamaq istədiyi ölkədir, biz qəlbən bu ölkəyə bağlıyıq. Azərbaycan xalqı əməksevər, bizə qardaş xalqdır. Bu gün həyata keçirilən ideyaların, təşəbbüs və proqramların əsası Heydər Əliyev tərəfindən qoyulub. Yoxsulluğa qarşı mübarizə proqramının əsası Heydər Əliyev tərəfindən qoyulub. Enerji təchizatı baxımından müstəqil dövlət olan Azərbaycan dünyanın bir çox ölkələrinə enerji daşıyıcıları tədarük edir”.
Duma komitəsinin rəhbəri vurğulayıb ki, Qarabağ münaqişəsi Cənubi Qafqazda ən dəhşətli münaqişə olub. O deyib:
“Qarabağ öz sahiblərinə qaytarıldı. Cənubi Qafqazın qanlı, ən dəhşətli münaqişəsi dahi Heydər Əliyevin nəzərdə tutduğu kimi həll edildi. O, öz oğlu, mənim dostum, Azərbaycanın Prezidenti İlham Heydər oğlu ilə fəxr edə bilərdi. İlham Heydər oğlu öz dahi atasının işlərini davam etdirir, öz ölkəsini və xalqını tərəqqi yolu ilə inamla irəli aparır. Bizim uşaqlarımız Heydər Əliyevi tanımasalar da, bu gün Heydər Əliyevin prinsipləri və vəsiyyətləri əsasında yaşayan müasir Azərbaycanı görəndə bizimlə bərabər onlar da bu böyük insanın xatirəsinə ehtiramlarını bildirirlər. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan bu gün postsovet məkanının hüdudlarından uzaqlarda da ən uğurlu və firavan ölkədir”.
Rusiyalı siyasətçi qeyd edib ki, Azərbaycanda ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sanballı beynəlxalq tədbirlər həyata keçirilir.
L. Slutski sonda deyib:
“Heydər Əliyevin anım günündə biz harada olsaq, həmin gün üçün proqramımızdan asılı olmayaraq Azərbaycan səfirliyinə gəlirik. Ötən illər ərzində Polad Bülbüloğlu Azərbaycanın davamlı, çoxminlik dostları dairəsini yaradıb. Bu insanlar Azərbaycan adlı ölkəni yaxşı başa düşür, Azərbaycanı qəlblərində yaşadır, bu ölkəni dəstəkləyirlər. Azərbaycan Prezidenti İlham Əliyev postsovet məkanında və daha geniş dairədə Rusiyanın ən etibarlı tərəfdaşıdır. O, öz dahi atasının işinin layiqli davamçısıdır. Bunu ilk növbədə Azərbaycan xalqı və İlham Əliyevlə müxtəlif sahələrdə təmasda olanların hamısı qeyd edir. Bu gün biz kədərlənirik, lakin Heydər Əliyev nurlu insan olduğu kimi, bu kədər də nurludur. Bizim hamımızı bu böyük ölkə ilə, Rusiyanı tanıyan, onu anlayan və sevən insanlara nurlu hisslər bağlayır. Bu gün dahi Heydər Əliyevi xatırlayaraq Azərbaycanda hər bir ailəyə cansağlığı və uğurlar arzu edirəm”.