Slovakiyanın baş naziri Eduard Heger və Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen Ukraynaya səfər edib.
Trend-in
məlumatına görə, bu barədə slovakiyalı nazir öz “Facebook”
səhifəsində bildirib.
O qeyd edib ki, səfər zamanı Ukrayna prezidenti Volodimir
Zelenski və baş nazir Denis Şmıqalla görüşlər planlaşdırılıb.
Qeyd olunur ki, görüşlər zamanı Ukraynaya humanitar yardımın
artırılması, eləcə də ölkədən taxıl ixracının bərpası məsələləri
müzakirə olunacaq.
Xatırladaq ki, mart ayında Çexiya, Sloveniya və Polşa baş
nazirləri Kiyevdə V.Zelenski ilə görüşlər keçirmişdi.