Slovakiya hökuməti noyabrın 25-dən etibarən respublikada koronavirusun sürətlə yayılması ilə əlaqədar iki həftəlik ümummilli karantin rejimi və maksimum 90 günlük fövqəladə rejim elan edib.
Trend xəbər verir ki, bunu ötən gün ölkənin baş naziri Eduard Heger deyib.
Onun sözlərinə görə, peyvənddən imtina edənlərin məsuliyyətsizliyinə görə yaranmış vəziyyətin bədəlini bütün ölkə əhalisi ödəyir.
Qeyd edək ki, karantin rejimi ilə əlaqədar Slovakiyada gecə saatlarında evdən çıxmaq qadağası tətbiq olunub, kütləvi tədbirlər təxirə salınıb, restoran və kafelər bağlanıb. Onlar yemək və içkini ancaq xüsusi pəncərədən özləriylə götürmək istəyən müştərilərə sata biləcəklər. İlk tələbat mallarının satıldığı mağazalar istisna olmaqla, digərlərinin fəaliyyəti dayandırılır. Gəzintiyə yalnız yaşayış yerinin inzibati rayonu ərazisində icazə verilir.
Məktəblərin bağlanması haqqında qərar verilmiyib, bu, epidemioloji vəziyyətin pisləşdiyi təqdirdə baş verəcək. Ölkə sakinlərinə həmçinin Slovakiyanı tərk etmək qadağan edilmir.