Slovakiya Azərbaycanın azad edilmiş ərazilərində “ağıllı şəhər” layihələrində maraqlıdır – Müvəqqəti işlər vəkili (MÜSAHİBƏ)

Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanla Slovakiyanın ikitərəfli münasibətləri konstruktiv xarakter daşıyır.

Bunu AzerTimes-a müsahibəsində Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçak deyib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin prioriteti iqtisadi əməkdaşlıq sahəsidir:

“Son dövrlərdə ölkələr arasında ticarətin artım tempi rekord vurur. 2019-cu ildə bu göstərici 24,44 milyon avro təşkil etmişdi. Azərbaycanın ixracı 9,68 milyon avro təşkil edib və əsasən mineral yanacaq, mineral yağlar, meyvə və fındıqdan ibarət olub. Slovakiyanın Azərbaycana ixracının əsasını avtomobil detalları, logistika konteynerləri, kabellər və izolə olunmayan məftillər təşkil edib. Slovakiyadan Azərbaycana ümumi ixrac 13,25 milyon avroya bərabər olub”.

M.Layçak qeyd edib ki, 2020-ci il ərzində iki ölkə arasında ticarətin həcmi digər ölkələrlə olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar azalıb:

“Ötən il ərzində əlimizdə olan statistika göstərir ki, ticarət dövriyyəsi 18,84 milyon avroyadək azalıb. Hazırda biz ikitərəfli ticarətin artmasına kömək edəcək biznes sahələrinin müəyyənləşdirilməsi üzərində işləyirik”.

Müvəqqəti işlər vəkili bildirib ki, əvvəllər Slovakiya şirkətləri Azərbaycanda avtomobil yollarının tikintisi, lokomotivlərin təmiri, dəmiryol konteynerlərinin çatdırılması işlərində iştirak ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq məsələsinə toxunan M.Layçak vurğulayıb ki, Slovakiya bir çox digər ölkələr kimi həmin ərazilərdəki layihələrdə iştirak etməkdə maraqlıdır:

“Biz minaların təmizlənməsi işini başlanğıc nöqtə kimi nəzərdən keçiririk. Təhlükəsizlik azad edilmiş ərazilərin gələcək inkişafının təminatıdır. Slovakiya minalardan təmizlənmə prosesində, “ağıllı şəhər”lərin tikintisində, eləcə də infrastruktur layihələrində maraqlıdır”.

Ölkələr arasında enerji əməkdaşlığı məsələsinə toxunan M.Layçak vurğulayıb ki, Azərbaycan qaz və neft tədarükü hesabına Avropa İttifaqının enerji təhlükəsizliyində vacib rol oynayır:

“Bu baxımdan Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasındakı bəyanatı ilə tam razılaşmaq olar. O vurğulamışdı ki, “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir və bu gün enerji təhlükəsizliyi məsələsi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir”.

Müvəqqəti işlər vəkili əlavə edib ki, Slovakiya xam neft və qazın boru kəmərləri ilə Şərqdən Aİ ölkələrinə nəqli üçün inkişaf etmiş infrastruktura malikdir:

“”Şərq-Qərb” və “Şimal-Cənub” boru kəmərləri Slovakiya ərazisindən keçir. Biz hazırda nə Azərbaycanın xam neftini, nə də təbii qazını almasaq da, “Cənub Qaz Dəhlizi” gələcək enerji istehlakı baxımından Slovakiyanın enerji təhlükəsizliyi üçün vacib mənbədir”.

Teqlər: