Füzuli, gəl gör sənin xalqın nə gündədir!..
Ey Füzuli, bizdən xəbərin varmı? Bilirsənmi nə günlərə qalmışıq?
Sən öz dövründə hansı oxucuya, hansı auditoriyaya, hansı ürfan sahiblərinə müraciət edirdin?
“Dəhanın dərdimə dərman dedilər cananın/Bildilər dərdimi, yoxdur dedilər dərmanın” deyən baba, bu gənclər elə bilir ki, sən qızın dodaqlarını dərdinə dərman istəmisən!
“Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz” deyirdin; artıq söz “ağzın sirrini” açmır – çünki indi Azərbaycan xalqının böyük əksəriyyəti “ağız” deyəndə yemək çeynədikləri “rotunu” düşünür; daha sənin “ağız” deyə işarə etdiyin Tanrı bu insanların düşüncə və yaşam tərzlərində yoxdur!
İndi “Canı canan diləmiş, verməmək olmaz, ey dil” deyəndə elə düşünürlər ki, sevdiyin mamlımatan qız sənin ürəyini istəyib, sən də çıxarıb, podnosa qoyub, göndərməkdən ayrı əlac görmürsən!
Çünki bu xalq artıq Füzuli deyəndə ən yaxşı halda Füzuli rayonunu, ən pis halda Füzuli Ələkbərovu göz önünə gətirir!
Çünki bu xalqın böyük kəsimi Üzeyir deyəndə Hacıbəyovu yox, Mehdizadəni “görür” və onun “O mənim olmalıdır” diringisinin təsiri altında yaşayır, dingildəyir, düşünür.
Qafalar artıq bu boyda olub!
Ey Sabir! “Fəhlə, özünü sən də bir insanmı sanırsan” sarkazmını indi yazsan, inan, Azadlıq meydanını sənin üçün sələfinin Hələbinə çevirərdilər! Necə ki günlər öncə yazdığımız bir sarkazma görə sosial şəbəkələrdə dara çəkilirik – söyüş, təhqir, qarğış “feyriyə” dönüb, bitmir ki bitmir!
Bunlar adi sarkazmı qanmırlarsa, sizi necə oxuyub-anlasınlar?! Ümumiyyətlə oxuyurlarmı, anlamağa çalışırlarmı?
Oxumurlar, ona görə də anlamırlar – anlasalar, hansısa müğənninin 4-cü arvadının ilk dəfə yayılan şəklinə cumub, ağızları sulana-sulana “bəhbəhləyib”, onların dərdini ifadə edən sarkazmı rədd edib, təhqirlər yağdırmazdılar!
Məşhur filosoflardan biri deyirdi ki, əgər mən düşünürəmsə, demək, mövcudam!
Bu hesabla 10 milyonluq xalqın içində nə qədər mövcud olan var?
Biz düşünmürük, fikirləşmirik, söz anlamaq istəmirik!
“Kökdən düşmüş piano”da Mövlud Süleymanlının bir obrazı vardı – Yaşar Nuri oynayır o rolu. Deyir: Bizə şair xalq olan görə deməyiblər ki, hamımız şeir yazaq; ona görə deyiblər ki, biz söz qananıq, söz anlayanıq!
Daha yox – biz söz qanan, söz anlayan deyilik; söyüşdən ləzzət, nifrindən həzz, küçə sözlərindən zövq alanlarıq!
Ona görə kim çox söyürsə – ona baxırıq; kim bağırırsa – onu eşidirik; kim anqırırsa – onu dəstəkləyirik; kim ən əxlaqsız hərəkət edirsə – onun “tirajını” qaldırırıq!
Biz indi Nəsimi, Füzuli, Sabir xalqı yox, mehdizadə, baboş, xoşu-bəxşi xalqıyıq!
Bizi indi ayrı-ayrı ailələrin ən iyrənc məişət problemləri özünə çəkir – dünya, yaşam fəlsəfəsi, insanlıq, dəyərlər heç nə bizi hansısa auldakı gəlinin qayınanası ilə intim söhbətindən ayıra bilməz!
Biz Füzulinin, Nəsiminin, Seyidin, Hadinin, Sabirin nəvələri deyilik, Mirzənin İsgəndərinin qəbiristanlıqda xitab etdikləriyik!
Əl-Fatihə!!!
Yeri gəlmişkən, bizdə ən yüksək “Fatihə”ni Şeyx verir, onun da nitqi-dili bir balaca…
Amma elə biz məhz o “Fatihə”yə layiqik – dirilərin fatihəsi necə olmalıdır ki!