İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Mətbuatımız yaranan gündən o dövrün mətbuatı demək olar ki, bütün Azərbaycan mətbuatı sayılırdı. Quzeydə “Əkinçi”, Güneydə “Ruzname milləti”, daha sonralar rəsmi və qeyri-rəsmi digər qəzetlər vahid bir xalqın mətbuatı hesab olunurdu. Müştərək əlifba, müştərək dil ilə yanaşı, oxşar problemlər də mövcud idi. Güneylə Quzey arasında fərqli dövlətlərin sərhədləri olsa da, xalq tamamilə vahid və bir idi. Gediş-gəliş problemi, dil fərqliliyi mövcud deyildi, adət-ənənə və xalq psixologiyası oxşar idi. Bu səbəbdən Bakıda və Təbrizdə nəşr olunan qəzet və jurnallar Arazın hər iki tayında oxunurdu.
Lakin sonralar sərhədlər bağlandı, gediş-gəlişə qadağa qoyuldu və nəticədə insanlar həm dil, həm də mədəniyyət olaraq bir-birindən fərqlənməyə başladı. Əlifbanın Quzeydə dəyişməsi isə O tayla Bu tayın mətbuatının inkişaf istiqamətini tamamilə dəyişdirdi, Arazın cənubu ilə şimalı bir-birindən xəbərsiz qaldı. Üstəlik müxtəlif rejimlərin təbliğatı və apardığı siyasət nəticəsində ayrı düşən, təcrid olan xalqın düşüncə tərzi, dünyagörüşü də fərqlənməyə başladı. İki əks ideologiya əsarətində yaşayan xalqımız təbliğat nəticəsində bəzən bir-birini düşmən kimi də gördü. Soyuq müharibə dövrünün antisovet təbliğatı bu fərqliliyi pik həddə çatdırdı.
Ayrılığın nəticələri bu gün göz qabağındadır: Azərbaycan mətbuatının Güneydən xəbərsizliyi, Güney mətbuatının Quzeyə biganəliyi bizə biçilən siyasətin təzahürüdür.
Təəssüf ki, 30 ildən çox bir müddət müstəqil olan vətənimizin bir hissəsi hələ də bu məsələni həll etməyə yönəlik heç bir iş görə bilməyib. Hələ də Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı Quzey Azərbaycan mətbuatından faydalana bilmir. Əlbəttə, bunun əksini də desək, doğrudur.
Səbəblər çoxdur. Ən önəmlisi isə mətbuatın tam mənada milli olmaması… Güneydə milli mətbuatın olmasından söhbət belə gedə bilməz. Oranın durumu hamımıza bəllidir. Azərbaycan Respublikasında isə dövlət mətbuatından başqa digər mətbu orqanlarını milli saymaq mümkün deyil. Onlar millilikdən daha çox kommersiya məqsədləri üçün yaradılan qurumlar hesab oluna bilər.
Dövlət mətbuatı da ölkələrarası münasibətlərə görə bir çox məsələni nəzərə alaraq Güney Azərbaycanla bağlı ciddi xəbər və maariflənmə siyasətini yerinə yetirməyə qadir deyil. Rəsmi mövqedən çıxış etmək məcburiyyəti bir çox hallarda onların Güneyin də mətbuatı olmalarına mane olur.
Digər tərəfdən Güney və Quzey arasında xəbər dili fərqliliyi də Arazın cənubunda Azərbaycan mətbuatının geniş yayılmasına mane olur. Əlbəttə, hər iki tərəfdə eyni dil danışılır, lakin insanların xəbər alma kodları fərqli olduğundan Azərbaycan dilində olan informasiya terminləri Güneydə anlaşılmır. Orda daim xəbər dili fars dili olub. Azərbaycan dilində xəbərləri isə illərdir yerli kanallar qarışıq formada verdiyi üçün insanların o şəkildə xəbər alma qabiliyyəti formalaşıb.
İranda yaşayan heç bir xalq (farslardan başqa) öz dilində təhsil almayıb, yazıb-oxumağı belə farsca olub, bütün xəbər kanalları, televiziya verilişləri, qəzet, jurnal və digər media orqanları yalnız və yalnız fars dilində nəşr olunur. İnsanlar fars dilində xəbər almağa adət edib, ona kodlaşıb. Terminləri və cümlə quruluşları da o dildə başa düşürlər.
AzTV-yə baxan bir güneyli də ancaq film, serial və mədəni verilişləri başa düşə bilər, onu da nisbətən… Əhalinin digər 95 faizi Azərbaycan ədəbi dilini bilmədiyinə görə bu kanalların xəbərlərini başa düşə bilmirlər. Bu, təkcə orda yaşayan azərbaycanlıların problemi deyil. Həm də ərəblərin, bəlucların, kürdlərin və digər millətlərin problemidir. Xuzistan ərəbləri öz informasiyalarını ərəb kanallarından daha çox farsdilli mediadan alır.
Bir sözlə, İranda yaşayan bütün xalqlar öz ana dilində yalnız mədəni və məişət səviyyəsində olan cümlələri başa düşə bilir.
Güney Azərbaycanda insanların xəbər alma dili fars dili olduğu halda Quzey mətbuatında fars dili ümumiyyətlə istifadə olunmur. Ara-sıra fars dilindən istifadə edən mətbuat zəif və keyfiyyətsiz formadadır. Bu səbəbdən onların fəaliyyətləri də uğursuzluqla nəticələnir. İndiki halda Azərbaycanda yeganə farsdilli mətbu orqan AzerTimes saytının fars dili bölməsidir ki, o da yenidir, hələ komandası belə formalaşmayıb.
Həmçinin, Güneylə Quzeyin mədəni əlaqələrinin qırılması iki yerə bölünən xalqın ləhcəsində də fərqlər meydana gətirib. Bu səbəbdən bir bakılı təbrizlini başa düşməkdə çətinlik çəkə bilər, yaxud əksinə. Burda dilə qatılan qeyri-milli sözlərin də ciddi təsiri var. Güneydə fars sözlərindən çox istifadə edildiyi kimi Quzeydə təkcə danışıq dilində deyil, hətta ədəbi dildə belə Avropa mənşəli sözlərdən geniş istifadə olunur. Bir xəbərdə işlədilən siyasi, mədəni və sosial terminlərin çoxu xarici sözlər olduğundan şimal və cənub bir-birini anlamaqda çətinlik çəkir.
Şimaldan cənuba necə təsir etmək olar? Başqa sözlə desək, bu fəqlilik necə aradan qaldırılmalıdır? Azərbaycan mətbuatı güneyli soydaşlarımıza hansı vasitələrlə öz informasiyaların çatdırmalıdır?
Bunun yeganə yolu dilimizi və mədəniyyətimizi təbliğ etməkdir. Amma bu təbliğ vasitəsi gərək effektli olsun. Azərbaycan Respublikasında keyfiyyətli mətbu orqanlarla yanaşı dil məsələsi də önəmlidir. Bir halda ki, Güney azərbaycanlıların informasiya alma dili fars dilidir, niyə biz öz mədəniyyətimizi, dilimizi və milli kimliyimizi onların kodlaşdırıldığı dildə onlara çatdırmayaq? Bunun nəyi pisdir? Misal üçün bir rusdilli azərbaycanlıya rus dilində milli mədəniyyətimizi və milli kimliyimizi öyrətsək, o bunu qəbul etməyəcək? Azərbaycanda minlərlə rus dilində təhsil olan uşaq var. Onlardan Qarabağda döyüşənlər olub, hətta şəhid olanlar da var. Yüksək vəzifələrdə, orduda, mədəniyyət sahələrində və digər həssas qurumlarda ölkəsinə və xalqına xidmət edənlər var. Onlar da millətini və vətənini digərləri qədər sevir. Elə Güneydə də vəziyyət belədir. Onlar məcburən fars dilində təhsil alıb, beyni o dilə kodlaşıb, amma azərbaycanlılıqlarını itirməyiblər. Hətta İranın paytaxtı Tehranda və digər böyük fars şəhərlərində çox sayda azərbaycanlı yaşayır. Onların çoxu öz dilini tamamilə unudub. Amma soruşanda fəxrlə “mən türkəm” deyir.
Bəzən biz buna inanmaq istəmirik, amma gerçək belədir. Güneylilərin Azərbaycan dilində yüzlərlə xəbər saytı, Teleqram kanalı və sosial şəbəkələri mövcuddur. Onların heç biri 100-200-dən çox oxucu toplaya bilmir. Amma tək-tük fars dilində olan kanalları və sosial şəbəkələri minlərlə və ya on minlərlə oxucu toplaya bilir. Güneyli media fəalların problemləri həll olsa, milyonlarla oxucu potensialına malik ola bilərik.
Mən Güney mətbuatının içində olan, uzun illər boyu bu sahədə işləyən, əmək verən bir güneyli kimi bu sahənin problemlərini hər zaman araşdırmışam. Bilirəm ki, bizim ən ciddi problemlərimizdən biri dil, digəri isə kadr məsələsidir. Quzey Azərbaycanda kifayət qədər təcrübəli jurnalist var, amma kifayət qədər Güneyi tanıyan, oranın problemlərini yaxından bilən kadr yoxdur. Bundan başqa kifayət qədər fars dili mütəxəssisi də yoxdur. Bu gün Azərbaycanda fars dili mütəxəssisi tapmaq ciddi problemlərdəndir. Burda olan və fars dilini mükəmməl bilən savadlı güneylilərin də çoxu müəyyən səbəblərdən ölkədən çıxıb gedib.
Bizdən fərqli olaraq İran epozisionunun media qurumları bu gün kifayət qədər inkişaf edib, bizim oxucu kütləmizi də onlar xəbərlə təmin edir. Bu media qurumları əsasən irançılığın və paniranist düşüncələrin təbliğatçısıdır. Onlar bizim xalqı ancaq assimilasiyaya təşviq edir, öz siyasi mənafeləri uğrunda istifadə etməyə çalışır. Təəssüflər olsun ki, milli mətbu orqanı olmadığından, irançı mətbuat azərbaycanlıların beyinlərini hər gün daha çox zəhərləməyi bacarır.
Azərbaycanın Güneyi üçün milli mətbu orqanları yaratmağın vaxtı çoxdan çatıb. Bunun üçün böyük, geniş maliyyə imkanlarına malik olan, mütəxəssislərdən ibarət, müasir tələblərə cavab verən və yüksək keyfiyyətli farsdilli media qurumu yaranmalıdır. Gecikən hər gün itirilən çox sayda soydaşımız deməkdir. Unutmayaq ki, ən böyük təşkilat mətbuatın özüdür.