Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer alıb. Dünya şöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında işini quran hakim partiya müstəqil Azərbaycanın inkişafına, yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, zamanın sınaqlarından uğurla çıxan partiya ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib. Bu illər ərazində Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını təsdiq edib.
Şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Məhz bunun üçün 1993-cü ildən ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri qalib olub.
Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya bu gün böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri hər bir dövr üçün aktuallığını qoruyub, saxlaması, xalqın partiyaya sevgisinin günbəgün artması partiyanı Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrib.
Dövlət Başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə ölkəmizdə milli birliyimizin, həmrəyliyimizin əbədi olduğunu nümayiş etdirdi. Ölkə Başçımızın cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən “Biz birlikdə güclüyük!” çağırışı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapdı. Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın dövlətimizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi, vahid hədəf uğrunda birlikdə mübarizə aparmaları milli birlimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.
Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsindən və demokratik ənənələrin şaxələnməsindən xəbər verir. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın dövlət və milli maraqlar naminə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilən YAP-a qoşulması cəmiyyətdə hakim partiyaya olan müsbət münasibətdən, inam və etibardan irəli gəlir.