Siyasi fəaliyyətimə görə həbs olunmamışam – Sabiq deputat

Siyasi fəaliyyətimə görə həbs olunmamışam – Sabiq deputat

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəməsi başlayıb.

AzerTimes xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra çıxış edən dövlət ittihamçısı Eldar Məmmədov cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Aqil Layıc vəsatət qaldıraraq cinayət işinə xitam verilməsi və müvəkkili barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən istəyib.

Çıxış edən N.Bəydəmirli siyasi məhbus olmadığını və siyasi fəaliyyətinə görə həbs olunmadığını bildirib:

“İstəmirəm ki, mənim adımdan müəyyən qruplar istifadə eləsin. Mən iqtidar və müxalifətə eyni məsafədə olan adamam. Heç bir siyasi mənsubiyyətim yoxdur. Beş gün sonra 61 yaşım olur. Həbsimdən sonra səhhətimdə problemlər yaranıb. Bu iş baxılmalı iş deyil, əgər baxırsınızsa, orda göstərilənlərin bir-bir araşdırılmasını istəyirəm”.

Qısa müşavirədən sonra məhkəmə hər iki vəsatəti təmin etməyib. Eyni zamanda prosesin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, eks deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: