Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6-da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə 31 siyasi partiyanı (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, AĞ Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Kommunist Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Yeni Zaman Partiyası, Ədalət Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası) təmsil edən 50-dən çox qadın iştirak edib.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən qadınları Prezident İlham Əliyevin adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.
Dövlətin, həmçinin ictimai təfəkkürün inkişafında qadınların rolu kontekstində tarixə ekskurs edən şöbə müdiri tarixi ənənələrin parlaq davamçısı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya siyasi arenasında öz sözünü deyən müasir dünyamızın ən nüfuzlu qadınları sırasında öncül yer tutduğunu vurğulayıb, onun müstəqil Azərbaycanın aparıcı qadın qüvvəsinin siması olmaqla, qadın hərəkatını canlandırdığını, bu istiqamətdə məzmun etibarilə yeni, müasir mərhələ açdığını qeyd edib. Azərbaycanın beynəlxalq təşəbbüsləri və uğurları kontekstində Mehriban xanım Əliyevanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən humanitar xarakterli, habelə multikulturalizm, mədəniyyətlərarası dialoq, tolerantlıq və bu kimi digər inteqrativ məzmunlu qlobal layihələrin dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.
Sonra Administrasiya rəsmisi Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşdırılan sistemli islahatlar, həmçinin siyasi dialoq mühitinin təşviqi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam və etibarlı münasibətlərin qorunmasında qadınların əvəzolunmaz rolunun, vətəndaş cəmiyyəti institutlarının daha fəal mövqe tutmalarının vacibliyini qeyd edib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlar siyasi həmrəylik uğrunda”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Yıldırım “Qadınların demokratik parlament ənənələrinin inkişafında rolu və siyasi dialoqa töhfələri”, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri “Müsavat Partiyasının üzvü) Novella Cəfərova “Vətən müharibəsi və insan hüquqları”, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Siyasi proseslərdə qadınların iştirakı”, Hüquq müdafiəçisi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin rəhbəri (Müsavat Partiyasının üzvü) Səidə Qocamanlı “Qadınların qərar qəbuletmədə rolu”, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (Azəri-Türk Qadınlar Birliyinin sədri) Tənzilə Rüstəmxanlı “Vətən müharibəsində qəhrəman qadınlar”, Azərbaycan Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Qadınlar barış və dialoq təbliğatçılarıdırlar”, Azərbaycan Milli İstiqlal Partiyasının fəalı Ceyran Ənsər “Siyasi dialoq mədəniyyətinin inkişafı”, Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı “Siyasi dialoqun zərurəti: mövcud vəziyyət və perspektivlər”, Milli Cəbhə Partiyasının fəalı Almaz Məmmədova “Təhsildən kənar qalan qadınlar: mövcud problemlər və çıxış yolları” və iştirakı” və Gələcək Azərbaycan Partiyası Qadınlarla iş üzrə sədrinin müavini Tovuz Soltanova “İctimai sektorda qadınların fəaliyyəti və inkişaf yolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Sonda Administrasiya rəsmisi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarının əsirgəməyəcəklərində əminliyini bildirib.