Siyasi dialoq prosesləri çərçivəsində Prezident
Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya
sədrləri ilə görüşləri artıq iki ildir davamlı şəkildə təşkil
olunur. Növbəti görüş mayın 11-də Azərbaycan Milli İstiqlal
Partiyasının sədri Arzuxan Əlizadə ilə keçirilib.
Bu barədə AzerTimes-a Prezident Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən
bildiriblər.
Görüşdə şöbə müdiri Ədalət Vəliyev dünyada cərəyan edən
geosiyasi proseslərin ölkədə siyasi həmrəylik mühitinin qorunmasını
şərtləndirdiyini xüsusi vurğulayıb. “Bilavasitə milli maraqlara
cavab verən məsələlərdə siyasi partiyalar ilə əməkdaşlıq ölkədə
reallaşan siyasi dialoqun prioritet istiqamətlərindən biridir”, –
deyən Ədalət Vəliyev qeyd edib ki, Azərbaycana qarşı aparılan
informasiya təxribatları ilə mübarizədə siyasi partiyaların bütün
potensialları səfərbər olunmalıdır. 1992-ci ildə yaradılmış
Azərbaycan Milli İstiqlal Partiyasının Avropa Xalq Partiyası da
daxil olmaqla geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik
olduğunu qeyd edən şöbə müdiri bildirib ki, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında
mövcud əlaqələrdən səmərəli şəkildə istifadə olunmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə
ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək
qiymətləndirib, bu prosesin demokratik dəyərlərin
möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək
olduğunu bildirib. O, ölkədə bütün siyasi qüvvələrin ümummilli
məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının
vacibliyini qeyd edib.
Görüşdə digər məsələlərlə yanaşı, İkinci Qarabağ müharibəsində
qazanılmış Qələbədən sonra regionda yaradılmış yeni reallıq mövzusu
da geniş müzakirə olunub. Bildirilib ki, qazanılmış Qələbə və
ölkənin müxtəlif iqtisadi təşəbbüsləri sayəsində Azərbaycanın dünya
siyasi xəritəsində çəkisi əsaslı şəkildə artıb. Dayanıqlı inkişaf
naminə iqtidar-müxalifət münasibətlərinin məhz konstruktiv
əməkdaşlıq formatında inkişaf olunması üçün qarşılıqlı səylər
artırılmalıdır. Bu cür əməkdaşlıq formatı əldə olunmuş uğurların
qorunmasına xidmət edəcək və təhdid xarakterli müxtəlif
təxribatların qarşısının alınmasına da töhfə verəcək.
Administrasiya rəsmisi Azərbaycan Milli İstiqlal Partiyasının
ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunda fəal
iştirak etməsini, o cümlədən ümummilli məsələlərlə bağlı birgə
bəyanatlara və müraciətlərə qoşulmasını, siyasi partiyaların birgə
iclaslarında və azad olunmuş ərazilərə birgə səfərlərdə iştirakını,
siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı təkliflər verməsini, həmçinin Mərkəzi Seçki Komissiyasına
maliyyə hesabatlarının vaxtında və tələb olunan qaydada təqdim
etməsini yüksək qiymətləndirib və bu halların partiyanın imicinə
müsbət təsir edən önəmli amillər olduğunu bildirib.
Söhbət zamanı Arzuxan Əlizadə rəhbərlik etdiyi partiyanın 30
illik yubileyi ilə əlaqədar müvafiq tədbirlərin keçirilməsinə
hazırlaşdıqlarını qeyd edib.