Sentyabrın 13-də Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
AzerTimes xəbər verir ki, hazırda prosesdə iş üzrə zərərçəkən şəxslərin çıxış mərhələsidir. Sonuncu məhkəmə prosesində hakim Elbəy Allahverdiyev sözü zərərçəkən Bahəddin Sultanova vermişdi.
Bahəddin Sultanov uzun illərdir ki, Qazaxstanın paytaxtı Astanada yaşayır. Azərbaycana Mövlam Şıxəliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində iştirak etmək üçün gəlib. Zərərçəkən bildirir ki, iş üzrə təqsirləndirilən Vüsal Ələkbərov 2009-cu ildə “Texnikabank işi” üzrə onun oğlunu qanunsuz olaraq tutub. Bundan sonra Vüsal Ələkbərov kabinetində ondan oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb edib. Bahəddin Sultanov pulu vermək istəməyib. Özünü də 2 gün MTN-də, Vüsal Ələkbərovun kabinetində qanunsuz olaraq saxlayıblar. Bundan sonra qardaşı və dostu 350 min dollar pul gətirib və Vüsal Ələkbərovun MTN-dəki kabinetində ona veriblər. 350 min dollar pulu Vüsal Ələkbərovla birgə Mövlam Şıxəliyevin kabinetində şəxsən ona verdikdən sonra özünü də, oğlunu da həbsdən azad ediblər.
Bahəddin Sultanov Yeni Müsavat-a deyib ki, ona vurulmuş ziyanın ödənilməsini tələb edir:
“Bu adamlar vəzifəli şəxs olaraq Azərbaycan vətəndaşlarını dövlətin gücündən istifadə etməklə girov götürüblər. Mən 36 zərərçəkəndən biriyəm. Bu adamlar xeyli insanın başına oyun açıblar, pullarını qoparıblar. Məni də, oğlumu da uydurulmuş ittihamla girov götürmüşdülər. Bu adamlar biz Azərbaycan vətəndaşlarına qarşı Azərbaycan dövlətinin gücünü tətbiq etməklə olduqca böyük varidat ələ keçiriblər. Mənim oğlumu ləkələyiblər. Bu gün də dövlət işində işləyə bilmir. Mənim oğlumun günahı nədir ki, bu gün bazarda gedib çınqıl satır?”
Bahəddin Sultanov ona vurulmuş ziyanın ödənməsini, oğluna isə bəraət verilməsini tələb edib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb edib, alıblar.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.