Sivil dünya nəhayət, ermənilərin “soyqırımına məruz qalan” deyil, soyqırımı törədən vəhşi toplum olduqlarını qəbul etməlidir – Vüqar Rəhimzadə

“Ermənilərin tarixin ayrı-ayrı mərhələlərində öz
himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı
soyqırımı və deportasiya siyasəti həyata keçirmələri artıq danılmaz
faktdır. Baxmayaraq ki, dünyanın bəzi dövlətləri və bəzi nüfuzlu
beynəlxalq təşkilatları bu reallıqlara göz yumaraq, illərdir
Ermənistana dəstək missiyasını yerinə yetirirlər, amma unudulan bu
məqamdır ki, onlar tarixin saxtalaşdırılmasına dəstək verməklə
yalnız və yalnız etimadsızlığın, ədalət və beynəlxalq hüquq
anlayışlarının yoxluğu barədə təsəvvürlərin yaranmasına nail ola
bilərlər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz
bütün həqiqətlərin ortaya qoyulmasına yardımçı olmaqla yanaşı, bir
daha təsdiqlədi ki, ədalət və beynəlxalq hüquq unudulmur. Sadəcə,
onların tətbiqinə nail olmaq üçün real həqiqətlərə, tarixi faktlara
əsaslanan siyasət həyata keçirmək və ikili standartlara son
qoyulması tələb olunur. Daim bəzi dünya dövlətlərinin və bəzi
beynəlxalq təşkilatların həqiqətdən uzaq, ikili standartlara
əsaslanan siyasəti ilə üzləşən Azərbaycan heç vaxt ruhdan
düşməyərək bu qərəzli yanaşmanın yaratdığı problemləri aradan
qaldırmağa çalışıb və 44 günlük İkinci Qarabağ müharibəsində buna
nail olub. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal
altında saxlayaraq yazdığı saxta tarixlə özünü haqlı tərəf kimi
göstərməyə çalışan Ermənistan artıq bu reallığı qəbul edir ki,
yalanla irəli getmək mümkünsüzdür. Tarix gec-tez ədalətin bərpasına
yardımçı olur. Vətən müharibəsində dövlətimizin qətiyyəti,
ordumuzun gücü, xalqımızın birliyi, tarixi həqiqətlər möhtəşəm
Zəfərimizi təmin etdi. Azərbaycan ilk gündən qardaş Türkiyənin
mənəvi və siyasi dəstəyini gördü və bundan böyük güc aldı. Bu
birlik hər zaman dünyaya ədalətsizliklərə son qoymaq çağırışlarını,
bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları
çərçivəsində həllinin vacibliyini bəyan edib. Azərbaycan və Türkiyə
ermənilərin əsassız iddialarına qarşı illərdir mübarizə aparır,
dünyaya bu çağırışı edirlər ki, ikili standartlara əsaslanan
siyasətə son qoyub hadisələrə ədalət meyarını əsas götürməklə dəyər
verilməlidir.

Məlum olduğu kimi, hər ilin aprel ayında ermənilər daha da
fəallaşaraq hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq
ictimaiyyətin diqqətini özlərinin əsassız, qondarma “soyqırımı”
iddialarına yönəltməyə çalışır, məkrli kampaniyalarını
həyasızcasına davam etdirirlər. Aprelin 24-nü özləri üçün bir tarix
seçərək qondarma “erməni soyqırımı” məsələsini qabartmaqla bundan
qardaş Türkiyəyə və Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi
istifadə etməyə çalışdıqlarını açıq-aşkar büruzə verirlər. Əvvəldə
də qeyd etdiyim kimi, artıq bu yalanların ayaq tutub yeriyə
bilmədiyi, necə deyərlər, “daşdan keçən” tarixi faktların dil açıb
danışdığı bir mərhələdəyik. Türkiyə tərəfi israrla qondarma “erməni
soyqırımı” ilə bağlı dünyanın bütün arxivlərinin açılması,
tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması
təklifini irəli sürdüyü halda, əlində heç bir dəlil-sübut olmayan
Ermənistan rəhbərliyi hər dəfə bu məsələ ilə tarixçilərin deyil,
siyasətçilərin məşğul olmalı olduğunu iddia etməklə belə bir
addımın atılmasından yayınır. Bu, tarixi faktlar qarşısında açizlik
deyilmi?”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya
ermənilərinin cidd-cəhdlə hazırlaşdıqları “erməni soyqırımının 100
illiyi” günündə – 2015-ci ilin 24 aprelində Türkiyənin Çanaqqala
Zəfərinin 100 illiyinin beynəlxalq səviyyədə keçirilməsi barədə
qərarını, Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarı
dəstəkləməsini və xalqımızın adından türkiyəli həmkarına təşəkkür
etməsini xatırladaraq bildirib ki, Ermənistanın yalanlarına qarşı
iki dost və qardaş ölkənin apardığı birgə mübarizə daim dünyanın
diqqətində olub: “Bu birlik bölgədə sülhün, təhlükəsizliyin qarantı
kimi dəyərləndirilir. “Erməni soyqırımı” məsələsindən Türkiyənin
Avropa Birliyinə üzvlüyünə daxil olması prosesində bir təzyiq
vasitəsi kimi bəhrələnməyə çalışan bəzi dünya gücləri belə
yalanları həqiqət kimi qəbul etməkdənsə, qondarma “erməni
soyqırımı” iddialarına ən tutarlı cavab olan ermənilərin 1992-ci
ilin fevralında Xocalıda törətdikləri misli görünməmiş faciəni
soyqırımı kimi tanıyıb, erməni faşizmini tamamilə məhv etməyə
dəstəklərini göstərsin, ermənilərin “soyqırımına məruz qalan”
deyil, məhz soyqırımı törədən bir vəhşi toplum olduqlarını qəbul
etsinlər.”

YAP Xətai rayon təşkilatının sədri dünyanın böyük
dövlətlərindən, ən əsası BMT Təhlükəsizlik Şurasının beş daimi
üzvündən biri olan Fransanın heç bir araşdırma aparmadan qondarma
“erməni soyqırımı”nı qəbul etməsinə və digər dövlətlərdən də bunu
tələb etməsinə diqqəti yönəldərək belə yanaşmaların hansı
problemlərə, faciələrə gətirib çıxardığını açıqlayıb: “Fransa
Senatı qondarma “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın
tətbiq olunması ilə bağlı layihəni də müzakirəyə çıxardı. Təbii ki,
bu iki dövləti soyqırımı məsələsində bir araya gətirən,
bir-birlərinə dəstək verməyə sövq edən amillər var və bu, tarixi
faktlarda öz əksini tapıb. Əgər dünyaya ədalət, beynəlxalq hüquq
“dərsi” keçməyə çalışan bir dövlət tarixi araşdırma aparmadan,
yalnız maraqlara əsaslanaraq məsələyə münasibət bildirirsə, artıq
geniş şərhə ehtiyac qalmır. Bu məqamı qeyd etmək yerinə düşər ki,
Fransa Prezidenti Makron Ukraynanın Buça şəhərində baş vermiş
faciəni “soyqırımı” adlandırmaqdan imtina edib və bildirib ki,
soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət
verməlidirlər. Ermənilərə dəstək missiyasını yerinə yetirən Fransa
Prezidenti bu yanaşmasına söykənərək dəstəklədiyi dövlətdən də bunu
tələb edə bilər ki, 100 il əvvəl Osmanlı Türkiyəsində baş vermiş
hadisələrə də yalnız tarixçilər qiymət verməlidirlər.”

Vüqar Rəhimzadə vurğulayıb ki, ermənilərin “soyqırımı” mifindən
yeri gəldi-gəlmədi istifadə, manipulyasiya etmək cəhdləri artıq
çoxlarını bezdirib: “Uzun illər əsas diqqət ABŞ Prezidentinin
“erməni soyqırımı” sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi.
Ötən il ABŞ Prezidenti Co Bayden haqsızlıq edərək “soyqırımı”
ifadəsini dilə gətirdi. Bundan Ermənistan nə qazandı? Nə dəyişdi?
Artıq bu mövzu ətrafında ajiotaj yaratmaq Ermənistan üçün
çətinləşib. Qeyd etdiyimiz kimi, bu gün dünyada yalana əsaslanan
təbliğat deyil, real həqiqətlərə, tarixi faktlara söykənən siyasət
qalib gəlir. Dövlət başçısı İlham Əliyevin hər zaman
Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin, qardaşlığının
sarsılmazlığı fonunda səsləndirdiyi “Bir millətin iki diasporu ola
bilməz” çağırışı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının daim
birgə fəaliyyətinin bələdçisi olub. Ölkə Prezidenti bu hədəfi də
açıqlayır ki, biz müdafiədə deyil, daim hücumda olmalıyıq. Bütün
türk dünyasına birlik çağırışı dövlət başçısı İlham Əliyevin həyata
keçirdiyi uğurlu xarici siyasətin əsas tərkib hissəsidir. Ümumtürk
birliyinə yönəlmiş təxribatçı əməllərini davam etdirən bədnam
erməni lobbisinə qarşı əks-hücumun təşkilini türk dövlətləri
diaspor təşkilatlarının ümdə vəzifəsidir.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti 44 günlük İkinci
Qarabağ müharibəsi dövründə müxtəlif dövlətləri təmsil edən
televiziya kanallarının, digər mətbu orqanların qərəz dolu,
tarixdən və hüquqdan xəbərsizlikləri, ən əsası Ermənistana
meyllikləri fonunda ortaya çıxan suallarını diplomatik şəkildə,
səbir və təmkinlə, tarixi faktların dili ilə cavablandıran
dövlətimizin başçısı İlham Əliyevin keçdiyi tarix və hüquq
dərslərinə yönəldərək bildirib ki, qalib gələn ədalətdir:
“AzərbaycanAnchor nəinki döyüş meydanında, informasiya cəbhəsində
də üstünlüyünü bir daha təsdiqlədi. Ölkə Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına
müsahibəsində jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə
önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır”
sualına cavabı hər bir azərbaycanlını qürurlandırdı,
torpaqlarımızın tezliklə azad ediləcəyinə, ədalətin bərpa
olunacağına inamı daha da artırdı. Dövlət başçısının “Bu, resurslar
məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət
məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq
məsələsidir” söyləyərək dünyaya mesajlarını ünvanladı, 28 ildə
kağız üzərində qalan qətnamələrin icra olunmamasından narazılığını
bildirdi.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, saxta, əsası
olmayan “erməni soyqırımı”nın təbliği, dəstəklənməsi də dünyanın
aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili
standartlara əsaslanan siyasətinin nəticəsidir: “Bu məsələdə də
ədalətin bərpa olunacağı gün uzaqda deyil. Dünyaya səs salan və
nümunə göstərilən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bu
məsələnin də birdəfəlik öz ədalətli həllini tapacağına böyük
əminlik yaradır. Dövlət başçısı İlham Əliyevin postmüharibə
dövrünün reallıqları fonunda səsləndirdiyi “Ermənistanın inkişafı
onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan
münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki,
Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan
inkişaf edə bilməz” bəyanatı özündə bütün məqamları, hədəfləri
ehtiva edir.”

Teqlər: