Xəbər - Elçin Mehdiyev – Trend:
“Media haqqında” qanun layihəsi jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunmasını nəzərdə tutur.
AzerTimes-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Ə.İsmayılov bildirib ki, qanun layihəsinin məqsədi sistemləşmənin təşkilidir:
“Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir”, – deyə Ə.İsmayılov bildirib.
Ə.İsmayılov vurğulayıb ki, “Media haqqında” qanun layihəsi qəbul olunduqdan sonra “Reklam haqqında” qanuna da dəyişikliklər edilə bilər:
“Reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir. “Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək”, – deyə Ə.İsmayılov vurğulayıb.