Xəbər - Fərid Zöhrabov – Trend:
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə səhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 3630 manat olan tikinti materiallarının, məişət əşya və avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Zamanov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisində fəaliyyəti dayandırılmış müəssisələrin birindən dəyəri 2000 manat olan dəmir darvazanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Mütəllimov saxlanılıb.
Dindirilmə zamanı M.Mütəllimov oğurluq hadisəsini etiraf edərək, darvazanı səhər ərazisində fəaliyyət göstərən əlvan metalların qəbulu məntəqələrin birinə dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri başlanılıb, hadisələrdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.